“İlhamə Quliyeva mənimlə dalaşandan sonra yanında çalışan insanlar vasitəsilə söz göndərirdi ki, efirə çıxanda ona salam yollayım. Deyirdi, Elzanın xətrini çox istəyirəm, sadəcə, məni öyrətdilər ki, onunla dalaşım”.
Bunu Əməkdar artist Elza Seyidcahan “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi proqramın aparıcısı Zaur Kamalın xahişindən sonra mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən söhbət açıb:
“İlhamə xanım mənim bir zəngimə evimə gəlirdi. Uşaqlarımın toyunda iştirak edib. İlhamə xanım restoranlarda otururdu. Zəng vururdu müğənnilərə ki, gəlsinlər onun olduğu yerə. Həmin şəxs mütləq gəlməli idi.
Mən bu çağırışlara getmirdim. Gedəndə də görürdüm ki, qeybət edib, sənətçiləri məsxərəyə qoyur. Həmin qeybətləri təsdiqləməli, yalandan üzünə gülməli idim. Bunları isə edə bilmirdim. Müğənnilərə özünəməxsus şəkildə təxəllüslər verirdi, ətrafındakı insanlar da baxıb gülürdülər.
İlhamə xanımın aurası insanı yorurdu. Deyirlər, insanlar var ki, vampirdirlər. Bir var, sənə müsbət enerji verir, bir də var, sənin enerjini alır. Hiss etdim ki, bu qadın mənim enerjimi alır. Ona görə ondan uzaqlaşdım”.
Daha sonra E.Seyidcahan şou-biznesdə küsülü olduğu həmkarlarından danışıb:
“Baş verən hadisələri görürsünüz. Hər şey gözünüzün qarşısında yaşanır. Elə insanlar var ki, onlara salam verib, yanlarında oturmaqla özüm səhv etmişəm. Ona görə də sonra başıma bu cür hadisələr gəlib. Amma elə adamlar var ki, onlarla küsüb, yenidən barışmışam. Nə olar ki? Hər evdə söz-söhbət olur. Deyirlər ki, çəkişməsən, bərkişməzsən”.