Xalq artisti Sərxan Sərxanla tanınmış gitaraçı Rəhman Məmmədli arasında yaranan qalmaqal böyüyür.
Sərxan Sərxanın mediada yayımlanan müsahibəsində işlətdiyi “Rayon camaatı nə bilir teatr, konsert nədir?” ifadəsinə cavab olaraq Rəhman Məmmədli şəxsi “Facebook” hesabında yazdığı tənqidi statusa görə məhkəməlik olub. Bakupost.az-a açıqlama verən Rəhman Məmmədli qarşı tərəfin onu məhkəməyə vermək fikrində olduğu ilə bağlı xəbərdarlıq aldığını təsdiq edib:
"Allah eləsin, o məhkəmə baş tutsun. Mən onu təhqir etməmişəm. Dediklərimin arxasındayam. Mənim millətimi təhqir edən insana reaksiyasız qala bilməzdim. Erməni söyüş deyil, bir millətin adıdır. Azərbaycan xalqını iki yerə bölən insan bu torpağa, bu xalqa düşməndir. Sərxan Sərxan açıqlama verib ki, mən elə söz deməmişəm. Yaxşı, deməyibsə məni məhkəməyə verəcəyinə niyə gedib o başlığı çıxaran jurnalisti, media orqanının məhkəməyə vermir?"
Xatırladaq ki, bu günlərdə Xalq artisti Sərxan Sərxanın müsahibəsi böyük rezonans doğurub. Onun rayonlularla bağlı fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb.