“Ömrünün son vaxtlarında elə bir səhvə yol verdi ki, qəlbimə silinməz yara vurdu...”

MAQAZİN
22:02 / 07.12.2021
3556

“Murad Rzayev “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəridir və eləcə də bizim rəhbərimiz olub. Murad müəllim yaxşı müəllimdir, onun məktəbi güclü məktəbdir. Ancaq məni tanıyanlar hamısı bilir ki, müəllim ailəsində doğulmuşam, elə bir atadan-anadan tərbiyə almışam ki, ömür boyu, bu yaşımda da özümdən böyüyün üzünə ağ olmuram, kimisə ləkələməyi xoşlamıram, mərdimazarçılıq etmək əlimdən gəlməz”.

Bunu müğənni Tacir Şahmalıoğlu müəllimi Murad Rzayev haqqında danışarkən deyib. O, müəllimindən nə vaxtsa həqiqəti etiraf edəcəyi günü gözlədiyini bildirib:

“Son dərəcə böyüyümə sadiqəm, ağsaqqallarımın yolunu saxlayıram. Eləcə də Murad müəllim mənim müəllimimdir, ağsaqqalımdır. Ancaq nə yazıq ki, illər ötdü o, ömrünün son vaxtlarında elə bir səhvə yol verdi ki, qəlbimə silinməz bir yara vurdu. Mənim illər öncə, 11-12 yaşında yaratdığım əsərə sahib çıxmaq istədi. Bunu isə öz müəllimimə yaraşdırmadım və gərək o, belə etməyəydi. Yenə də heç vaxt ümidsizliyə qapılmıram, inanıram ki, Murad müəllim ya sosial şəbəkə vasitəsilə, ya da birbaşa özümə zəng vurub həqiqəti etiraf edəcək. 

Çünki hamımız öləcəyik, haqq dünyasına gedəcəyik. Bu dünya müvəqqəti dünyadır, əbədi o dünyadır. Yəni Murad müəllim də o dünyaya yaxın adamdır. Allah gecindən versin. Amma mən ümidvaram, inanıram ki, Murad müəllim nə vaxtsa elədiyi bu böyük səhvi etiraf edib deyəcək ki, qəlbimə şeytan girmişdi. Bunu müəllimimdən umuram, gözləyirəm və o, etdiyi bu ədalətsizliyə, haqsızlığa son qoyub, açıqlama verəcək ki, həqiqətən də bu Tacir düşüncəsidir, beynidir. Etməsə də özü bilər, mən bir söz demirəm. 

Amma yenə də doğum günündə Murad müəllimi təbrik edirəm, ona can sağlığı arzu edirəm, uğurlar arzulayıram. Allah ona dəyməsin. Bəlkə də məni qınayarsınız ki, niyə deyirəm. Burda Allah şahiddir ki, Murad müəllim böyük bir ədalətsizliyə yol verib.  İnşallah tezliklə biz bu xəbəri eşidərik. Düşünürəm ki, Murad müəllim vaxtında bu işi etiraf edib, həqiqəti deyəcək ki, bu nəsə bilmədən oldu, tələbəm istedadlı tələbədir, Tacir Şahmalıoğlu beyni çox güclü beyindir, düşüncəsi çox dərin düşüncədir. Mənim musiqi dünyasında çox dərin düşüncələrim var. Elə yaratdığım şeylər var ki, hələ otuz il sonra insanlar onu kəşf edəcəklər. 

Bir daha Murad müəllimi doğum günü münasibətilə təbrik edirəm. Ad günü mübarək olsun”.

Qeyd edək ki,  bu gün “Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri, bəstəkar Murad Rzayevin doğum günüdür. Murad müəllimlə Tacirin mübahisəsi isə “Bayatı-şiraz” ifasına görə olub.

2
Moderator.az