Xalq artisti Məleykə Əsədova uzun illərdir film və seriallarda rol almamasının səbəbini açıqlayıb.
Aktrisa bu barədə "Üzbəüz" verilişində qonaq olarkən danışıb. O, deyib ki, hələ istədiyi kimi bir təklif gəlməyib:
"Mən səhnədə illərdir böyük obrazlar yaradıram. Yaradacam da. Bu məsələyə professional nöqteyi-nəzərdən yanaşıram. Çünki obrazı birinci özüm sevməliyəm. Görünmək xatirinə, ya da gündəmdə qalmaq üçün istəmirəm. Həmişə deyirəm ki, mənim gündəmim teatrdır. Elə tamaşaçılar da tamaşalarımı sevə-sevə izləyirlər. "İtkin gəlin" serialındakı əfsanə obrazıma gəlincə... Teatr elə bir şeydir ki, canlıdır, montaj olunmur və sair işləri yoxdur. Film və serialda isə tək bir nəfərlə alınmır. Orada böyük komanda lazımdır, yəni kollektiv sənətdir. Təbii ki, film və seriallarda çəkilmək istəyirəm. Nədənsə təklif gələndə, özümü orada görmürəm. Məsələn, deyirəm, peşəkar aktyorlar olsun. Bu kapriz deyil, sənətimə hörmət edirəm. Bilirəm ki, tamaşaçı məni izlədiyi an kanalı dəyişib türk serialına baxmayacaq. Buna əminəm. İndiyə qədər rol aldığım tamaşalar uğur qazanıb. Dəfələrlə rayonlardan izləyicilərim gəlib. İnanın ayağımda problem var idi. Tamaşaçılar yazırlar ki, sizi izləmək istəyirik. Heç qoymadılar ki, ayağım sağalsın, elə beləcə də səhnəyə çıxıram. Çünki məni bu yerə çatdıran tamaşaçı sevgisi və alqışıdır. Onları da sevirəm, çox intizarda qoymaq istəmirəm. Zatən pandemiya dövründə həsrət qaldılar. Mənə çox deyirlər ki, sizi serialda görmək istəyirik. İnşallah arzuladığım obraz olsa, serialda da izləyəcəksiniz".
.