Yeni ili kim evdə, kim səhnədə qarşılayacaq?

MAQAZİN
11:40 / 31.12.2021
1233

Yeni ilin gəlişinə bir neçə gün qalıb. Azərbaycanın məşhur simalarından kimisi 2022-ci ilə evində, kimisi isə səhnədə “salam” deyəcək.  

Sənət üzvlərinin əksəriyyəti pandemiya dövründə işsizlikdən şikayət etsələr də, bayram günü bir neçə restoranda çıxış edənlər də az deyil. 

OLAY məqamda həmin gecəni səhnədə qeyd edəcək ulduzların siyasını müəyyənləşdirib:

Aygün hər yerdə olacaq

Xalq artisti Aygün Kazımova Bakının əksər restoranlarında, həmçinin paytaxtın dəbdəbəli hotellərindən birində çıxış edəcək.

Diva yarım saatlıq çıxış üçün 10 min manat qazanacaq.

Röya evindədir

Xalq artisti Röya Ayxan isə Yeni ili ailəsi ilə birgə keçirmək qərarına gəlib. Estrada ulduzuna təkliflər çox olsa da, o, sahibkarlardan yüksək məbləğdə qonorar tələb edib. Endirim etməklə “arası olmayan” sənətçi 2022-ci ili evində qarşılamağı düşünür.

Miri Yusif 00:00-da mahnı oxuyacaq

Xalq artisti Miri Yusif də 2022-ni səhnədə qarşılayacaq sənətçilər sırasındadır. O, paytaxt restoranlarının birində 00:00 tamamda səhnədə olacaq.

Günay Qəbələyə gedir 

Müğənni Günay İbrahimli isə 31 dekabr tarixində Bakıda yox, Qəbələ şəhərində səhnəyə çıxacaq. 

O, sözügedən şəhərdə fəaliyyət göstərən məşhur hotellərin birində konsert verəcək. İddiaya görə, Günay bunun üçün təşkilatçılardan 6 min tələb edib.  

Avroviziya qalibinin şimala səfəri

Müğənni Nigar Camal da Yeni ili Bakıda qarşılamayacaq. Pop ulduz 31 dekabr tarixində Qubada iki və Şahdağda bir hoteldə səhnəyə çıxacaq. 

Nigar bunun qarşılığında hər üç məkandan ümumi 25 min AZN qazanacaq.

Nataone yeni adıyla səhnədə

Yeni albomu ilə səs-küy yaradan, adıyı dəyişdirən Natavan Həbibi (Nataone) də ilin son günündə səhnədə olacaq. 

O, həmkarları Zamiq Hüseynov və Hiss-lə birgə paytaxt restoranların birində çıxış edəcək. 

Nura küsülü olduğu Nigara qulaq asacaq

Müğənni Nura Suri bayramı Qubada oğlu Davidlə keçirəcək. Ailəsi ilə 2022-ci ili orada qarşılayan ifaçı bir müddətdir küsülü olduğu həmkarı Nigar Camalla eyni məkanda olacaq. 

Səmra Rəhimli də bayram günü evdə olan sənətçilərdəndir.  

Populyar ifaçı da ona verilən qonorarla razılaşmayıb, 2022-ci ili evdə qarşılamaq qərarına gəlib. 

Bundan əlavə, Xalq artistləri Faiq Ağayev, Eyyub Yaqubov, Əməkdar artist Ədalət Şükürov,  Namiq Qaraçuxurlu, Gülay Zeynallı, Sevda Yahyayeva da 31 dekabrda səhnəyə çıxanlar arasındadır.

0