Arzum illər sonra danışdı: “Kaş, ağıllı yol seçərdim!” - VİDEO

MAQAZİN
01:28 / 17.02.2022
1942

Bir zamanlar “Qara-qara”, “Bluetooth”, “Lava”, “Optimist”, “Milyonların Arzusu” kimi mahnılarla populyarlaşan, “Azəri Star”da iştirakı ilə tanındıqdan sonra uzun illər ictimaiyyətdən uzaqlaşan müğənni Arzum Xəlilova Olay.az-ın suallarını cavablandırıb.

Hit.az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə, onu bilmək istərdik ki, Türkiyədə həyatınız necə keçir? Hansı şəhərdə yaşayırsınız? Nə işlə məşğul olursunuz? 

- 10 ildir İstanbuldayam. Analıq məzuniyyətim uzun çəkdi. Qızımın böyümə dövrünün dadını çıxarıram. Özümlə hələ yeni-yeni məşğul olmağa başlamışam. Burada nə işlə məşğulam? Ana olmamışdan öncə kiçik bir biznes qurmuşdum. O da mənə maneə olmur, çox vaxtımı almır. Amma hələ də musiqi damarımdan axır. 

İstanbulda yaşamaq mənim üçün daha çox kənara çəkilmə dövrüdür. O da hələ ki... Bu dövrdə isə heç bir musiqi layihəsi etməmişəm.

- Evlisiniz, bir qız övladınız var. Sevgi o qədər güclü oldu ki, yaradıcılığınızın pik vaxtında hər şeyi atıb getdiniz?

- Doğrudur, yaradıcılığımın pik vaxtına az qalmışdı. Amma ruhən səfərim yeni başlayırdı. O dövrdə sürətlə dəyişən fikirlər və istəklərim var idi. Başqa bir ölkə və mədəniyyət zehnimi daha fərqli çalışmağa vadar etdi. Bu dönəmdə mənə başqa heç nə maraqlı deyildi. Saatlarla düşünmək, gəzmək, idman etmək, film izləmək, kitab oxumağın yerini heç bir TV, radio, konsert verə bilmirdi. Ruhumun arxasınca getmişdim. Sevgi sonrakı söhbətlərdir.

- Maraqlıdır, həyat yoldaşınızla necə tanış olmusunuz?

- Həyat yoldaşımla danışıq kursunda tanış olmuşuq. 4 aylıq dostluqdan sonra ürəyini mənə açdı. Zamanla ona olan sevgim artdı. Ayrıldıq, barışdıq! Yenə ayrılıb barışdıq. Axırda evləndik!

- Orada heç səhnə fəaliyyəti ilə məşğul olmaq istəmirsiniz?

- Artıq hər şeyimi, işimi istədiyim kimi qurmuşam. Həyat fəlsəfəmlə barışmışam. Sadəcə olaraq həyatımda musiqi əskikdir. Ona da artıq ruhən başlamışam. Türkiyədə heç bir şansdan istifadə etmədim. Amma belə bir arzum var, yəqin ki, bu gündən sonra arzularıma fokuslanacağam.

- Səhnəni atıb Türkiyədə ailə quran, yaşayan sənətçilərimiz var. Onlarla və yaxud Bakıdakı şou-biznes üzvləri ilə əlaqəniz yenə varmı?

- Şou-bizneslə əlaqəm heç vaxt olmayıb, çünki sakitliyi sevirəm. Hər zaman məsafəli və hörmətli olmuşam. Bu, məndə heç vaxt dəyişməyəcək. Yenə başlasam, eynisi olacaq. Yəni, ruhən evimdə, fiziki olaraq şou-biznesdə!

- Heç keçmiş kadrlarınızı, kliplərinizi izləyirsiniz? Baxan zaman nə hisslər keçirirsiniz?

- Öz kliplərimə baxanda deyirəm ki, hələ də arzularım yarı yolda qalıb. Arzularım isə mənim kimliyimdir. Natamam hisslər keçirirəm.

- Düşünürsünüz ki, o vaxt səhnəni atmasaydınız, indi öz yerini tutan bir sənətçi olacaqdınız?

- Yer tutmaq kimi dərdim olmayıb. Əgər məndə nəsə varsa, yenə dolaşıb gəlib öz yerini tutacaq. Bu qayğı heç vaxt məndə olmayıb. 

- Sizi “Azəri Star”dan kəşf etdik. Bəzən oradakı pərdəarxası məqamlardan danışırlar, seçimlərin heç də biz düşündüyümüz kimi şəffaf keçmədiyini iddia edirlər. Əslində vəziyyət necə idi?

- Elə bir gündəmim və fikirlərim olmayıb. Nədir, nə deyil, artıq maraqlı gəlmir. Bu söhbətlər artıq ölüb. Onun yerini gözəl xatirələr alıb. Bu barədə pozitiv düşünürəm. 

- Əksər səhnəni atan ifaçılar geri qayıtmaq istəmir. Yaxud qayıdanlar da əvvəlki populyarlığını qazanmırlar. Çoxu bu arenanı “çirkabxana” adlandırır və rəqabətin iyrənc formada aparıldığını düşünürlər.

- Qatılıram. Mən qayıtmaqdan əl çəkmişəm. Amma bir şeyə özümü inandırmışam ki, heç vaxt şou-biznesdə olmayacağam. Sadəcə içimdəki əsərləri ortaya çıxarmaq istəyirəm. Nə qazanılan pula, nə də rəqabətə xərclənməyə dəyməz. Sən özün yaşa! Rəqabətin pul, sənətlə heç bir əlaqəsi yoxdur. Bunu insanlar, yaşadığımız sistemin oyunları yaradıb.

Həyatımda heç bir neqativ yaşanmayıb, sadəcə geri baxanda özfəaliyyətin dozası bir az artıq oldu. Onu da uşaqlığıma yazıram. Kaş bir az peşəkar insanlarla çalışardım. Heç olmasa, yaxşı prodüserim, məsləhətçim olaydı. Özüm üçün daha ağıllı yol seçərdim.

- Sizinlə birgə qardaşınız da səhnə fəaliyyətinə başladı. “Next” qrupunda ifa edirdi. O da gözdən itdi. İndi nə fəaliyyətlə məşğuldur?

- Qardaşım cəmi bir illik şou-biznesdə əyləndi. Sonra da universiteti bitirən kimi öz iş həyatına başladı. 

Son olaraq qeyd edim ki, mən bilmirəm bu illər ərzində nə dedi-qodular oldu. Oxuma tərzimə gülməli şərhlər də verildi. Amma deyə bilərəm ki, bir mövzu insandan insana ötürüləndə dəfələrlə şəkil dəyişdirir. Məsələn, sənəti atdım, ona görə ki, yoruldum. Bu sözü deyən zaman hər kəs bir yerə yozacaq, bir don geyindirəcək və 50 rəy veriləcək. Ortaya olmayan bir hekayə çıxacaq. Bu səbəbdən də ancaq oturub özüm haqqında deyilənləri film kimi izləyirəm.

Mənim haqqımda danışılanları izləyib əylənirəm. Bu illər ərzində belə hal az olmayıb.

0