Əməkdar artist Nailə İslamzadə müğənni Afət Fərmanıqızını məhkəməyə verən xalq artisti Flora Kərimovanı müdafiə edib.
HİT.az xəbər verir ki, Nailə İslamzadə “Instagram”da Afət Fərmaqızı haqda məhkəməyə təqdim etdiyi sübutları paylaşan xalq artistinə dəstəyini nümayiş etdirib.
O, şərh bölümündə yazıb:
“Flora xanıma “Sən kimsən?”deyə sual verilir. Cavabını mən verim. Flora xanım həm sənəti, həm şəxsiyyəti, həm mərdliyi və vətənpərvərliyi ilə mənəvi dünyamızı nurlandıran bir varlıqdır. Bənzərsiz, təkrarsız, əvəzolunmaz səsi ilə Allahın bizə bəxş etdiyi ilahi bir möcüzədir. Onun hər bir müğənniyə irad tutmağa haqqı var. Bu iradına “sağ ol” deyərək vaxtında nəticə çıxarmaq lazım idi, o isə təhqirlərə keçdi.
Toylarda bayağı mahnılar oxumaq qəhrəmanlıq deyil. Pul heç zaman sahibinə millət sevgisi qazandıra bilməz. Əziz Flora xanim! Millət sizi sevir, bundan böyük mükafat olmaz!”.