Məşhurların dillərdən düşməyən gəlinlik makiyajları - FOTO

MAQAZİN
19:58 / 27.05.2022
1814

Əfsanəvi britaniyalı futbolçu Devid Bekhem və dizayner Viktoriya Bekhemin böyük oğlu 23 yaşlı Bruklin Bekhemin aktrisa Nikola Anne Peltzlə toylarından bir aydan çox vaxt keçsə də, gəlinin makiyaj və libası hələ uzun müddət modapərəstlər üçün müzakirə mövzusu olmağa davam edəcək. 

Publika.az oxucuları məşhurların gəlinlik obrazları ilə tanış edir. 

Siz həm də fotolardan onların makiyajında hansı kosmetik məhsulların istifadə olunduğunu görə biləcəksiniz. 

Nikola Anne Peltz Bekhem 

Mövsümün ən çox danışılan toyunun baş qəhrəmanı sadə və nostalji makiyaja üstünlük verib. Nikolanın makiyajına təbii parıltı vermək üçün ona “Chanel”in çoxyönlü dəri balzamı kömək edib. Yüngül göz makiyajını dumanlı göz layneri ilə tamamlayan gözəl aktrisanın kirpiklərinə həcmli effekt verilib. Yanaqlarını təbii çəhrayı ənliklə canlandıran Nikolanın makiyajının son ştrixi açıq çəhrayı tonlu parlaq pomadadır.

Ariana Qrande 

Gözlənilmədən və gizli şəkildə evlənən Ariana Qrandenin makiyajı qəhvəyinin təbii tonlarında edilib. Filtr effektli pudralar dərinin qüsursuz görünməsinə kömək edib, torpaq tonları isə göz və dodaq makiyajının təbiiliyini gücləndirib.

Karli Kross

“Dior”dan romantik, eleqant və sadə gəlinlik seçən Karli Klossun minimum makiyajı gözəlliyini tamamlayıb. Çəhrayı yanaqlar Karliyə daha gənc və canlı görünüş bəxş edib.

Çiara Ferraqni 

Çiaranın toy makiyajında gözləri vurğulanıb. Gözəl ulduz göz makiyajını bol tuşla tamamlayıb. Dəri və dodaq makiyajında Çiara isti bej tonlarına üstünlük verib. 

Şanina Şeyk

“Victorias Secret”in məşhur modeli makiyajını şaftalı tonlarında seçib. Bu, toy makiyajı mərasiminin konsepsiyası ilə uğurlu vəhdət təşkil edib.

Miran Kerr

Məşhur model Miran Kerr toy makiyajını özü edib. O, hər zamankı kimi çəhrayı tonlara yönəlib. Dərisini baxım yağları ilə nəmləndirən model çəhrayı ənliyini gözlərdə də istifadə etməklə baxışlarını daha ifadəli edib.

Meqan Markl

Meqan Markl makiyajda təbiiliyi sevir. Çil ləkələrini gözəllik əlaməti sayan aktrisa toy makiyajında yüngül tonal kremə üstünlük verib. Sadə obrazını neytral pomada və dumanlı göz makiyajı ilə vurğulayıb. Gəlinin bəzənməsinə: saç və makiyaja 18 min 431 dollar xərclənib.

İsabelli Fontana

Model ekzotik və romantik gəlinlik obrazını parlaq makiyajla tamamlayıb. Vəhşi baxışlarını isə o, qəhvəyi göz kölgələri ilə vurğulayıb.

Heyli Bouldin

Heyli Bouldinin gəlin makiyajında bej rənglərin yaratdığı təbii həssaslıq var. Makiyaj ustası dəri ilə eyni tonda istifadə edilən aydınladıcı, parlaq karamel dodaq boyası və kirpiklərdə qəhvəyi tonlar sayəsində gəlinin üzünü həddən artıq yükləmədən cəlbedici bir obraz yaradıb. 

Keyt Moss

Tanınmış makiyaj ustası Şarlotta Tolburi Keytin bohem tərzini təbii və qüsursuz makiyajla tamamlayıb.

Keyt Middlton

Keyt Middlton da gəlin makiyajını özü edib. Onun gəlinlik obrazında ən diqqətçəkici məqam çəhrayı yanaqları idi. Bu rəng hersoginyanın ala gözləriylə ahəng yaradıb.

Krissi Teyqen

Krissi Teyqenin “Vera Wang” gəlinlik paltarını sadə və klassik makiyajı müşayiət edib. Məşhur modelin parıltılı dəri və parlaq dodaqları, həmçinin bayağılıqdan uzaq göz makiyajı bir-biri ilə mükəmməl harmoniya içindədir.

Oliviya Palermo

Qeyri-adi gəlinlik seçimi ilə modabazları heyrətə salan bu gözəl xanım da sadəlik və dumanlı göz makiyajı pərəstişkarıdır.

Sofiya Verqara

Dəbdəbəli görünməyi sevən aktrisanın dolğun makiyajı ilə enerjili xarakterini əks etdirməsi bizi təəccübləndirməmişdi.

Poppi Develin

Sarışın aktrisa qəhvəyi göz kölgəsi və qəhvəyi ənliyin köməyi ilə cəlbedici gəlin obrazı yaradıb.

Niki Hilton

Niki şahzadələrin gəlinlik fasonlarını xatırladan gözqamaşdırıcı libasını səliqəli makiyaj və çəhrayı ənliklə tamamlayaraq saf gözəlliyi tərənnüm edib.

0