Partlayış olan klubun sahibindən həm pul, həm də telefon aldı

MAQAZİN
14:05 / 15.07.2022
1791

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova partlayış baş verən "Location" klubun sahibi Elşən Səfərovdan şikayət edib. 

HİT.az xəbər verir ki, bloger qarşı tərəfin ona dəyən ziyanı ödədiyini açıqlayıb. Aysel bildirib ki, hətta klubda yanan telefonunu da veriblər:

"Partlayışda ağır yaralananlardan idim. Telefonlarım orada qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əməliyyat olunmuşdum. Bu haqda da paylaşım etmişdim ki “Location”ın rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir. Nə xəstəxana pulumu, nə də telefonlarımın pulunu ödəyirlər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim. Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım... Bunlar ömürboyu mənimlə qalacaq, ancaq bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqın tələb etsin. İnşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin. Haqqınızı tələb etməkdən çəkinməyin. Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin".

Aysel bildirib ki, klubda iki telefonu yansa da, ona ancaq biri qaytarılıb:

"Neçə ay süründürəndən sonra bir telefon aldılar. Dirəşsəydim, ikisini də aldırardım. Amma eybi yox".

Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş vermiş partlayışa görə obyekti icarəyə götürmüş "Merser Food" MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov məkanı qardaşı Elşən Səfərovla birlikdə işlədib.

Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

1