Builki "Miss İngiltərə” gözəllik müsabiqəsində Melisa Rauf adlı iştirakçı xüsusi diqqət çəkib.
Belə ki, 20 yaşlı qız yarımfinalda "Face Top Model” nominasiyasının qalibi olub.
Maraqlısı isə budur ki, kollec tələbəsi olan Melisa "Miss İngiltərə”nin 94 illik tarixində makiyajsız yarışan ilk iştirakçıdır.
OLAY-ın əldə etdiyi məlumata görə, M. Rauf əslən azərbaycanlıdır. Anası Kəmalə İbrahimova İngiltərədə həkim olaraq çalışır, atası Nadir Rauf isə cənubi azərbaycanlıdır. Melisanın babası Şəmistan İbrahimov uzun illər Azərbaycan Tibb Universitetində kafedra müdiri olaraq çalışıb.
"Bu, mənim üçün çox şey deməkdir Çünki müxtəlif yaşlardan olan qızlar makiyaj etmək üçün təzyiqə məruz qalırlar. Əgər insan öz dərisində xoşbəxtdirsə, üzümüzü makiyajla örtmək məcburiyyətində qalmamalıyıq. Qüsurlarımız bizi biz edir və hər fərdi unikal edən də budur”, - deyə, Melisa İngiltərə mediasına müsahibəsində bildirib.
Melisa haqda İngiltərənin nüfuzlu nəşrlərində məqalələr yer alıb.
Qeyd edək ki, yarışmanın final mərhələsi oktyabrda olacaq. Melisa finalda da tac uğrunda makiyajsız mübarizə aparacağını vurğulayıb.