Cavanşir Məmmədov hədələdi: "Demişəm, yaxşı eləmişəm"

MAQAZİN
17:50 / 28.04.2023
912

"Demişəm, yaxşı eləmişəm, əcəb eləmişəm, düz demişəm. Ayıb deyil? Mətbuat yazmağa mövzu tapmır? Mən öz şəxsi həyatımdan danışmışam, bunun jurnalistə nə aidiyyatı var? Kim mənim efirdəki çıxışımı xəbər edibsə, yayıbsa, böyük qələt edib, başını daşa döyüb".
 

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov telekanalalrın birində səsləndirdiyi "həyatımda başımın tükünün sayı qədər qadın olub” fikirlərindən danışarkən deyib. 

Sənətçi onun televiziya çıxışını mətbuatda yayanları məhkəmə ilə hədələyib:

"Bir az da dərinə getsələr, məhkəməyə verərəm, onları doğulduqlarına peşman edərəm, həyatı başa salaram. Bu nə deməkdir? Bu nə tərbiyəsizlikdir? Televiziyaya dəvət ediblər, getmişik, çıxış etmişik. Nə etməliydik ki? Efirdə ağzımıza su almalı idik? Sual veriblər, cavablandırmışıq. 

Verilişdə bir qadın dedi ki, mən cavanlıqda Cavanşir müəllimi sevirdim, çox istəyirdim, falan. İndi mən nə bilim, qadın bunu hansı mənada deyib? Sonra da dedi ki, "mən indi də Cavanşir müəllimi çox istəyirəm”. Elgiz də mənə sual verdi ki, Cavanşir müəllim siz də cavanlıqda gəzəyən olmusunuz? Dedim ki, kişi gəzər də, yaxşı eləmişəm gəzəyən olmuşam. Subay oğlan olmuşam, niyə gəzməyəydim ki? Biz dünyaya niyə gəlmişik? Yaşamalı deyilik? Gəzməli deyilik? Rahib həyatı yaşamalıyıq? 

Verilişdə də dedim ki, bəli, qadınlarla gəzmişəm, özü də lap başımın tükünün sayı qədər gəzmişəm. Əslində, mən bu fikiri sarkazmla demişəm. Deyə bilərdim ki, başımın tükünün sayı qədər ölkə gəzmişəm, çox yerləri görmüşəm. Özüm belə dedim ki, əyləncəli olsun, veriliş maraqlı alınsın, qulaq asanlar, desinlər-gülsünlər. Kimə maraqlıdırsa, internetdə verilişin videosu var, baxa bilərlər”. 

Qeyd edək ki, Əməkdar artist, müğənni Cavanşir Məmmədov televiziya proqramlarının birində "ailə qurana kimi həyatımda başımın tükünün sayı qədər qadın olub” fikirləri böyük müzakirəyə səbəb olub. Sənətçini deyiminə görə qınayanlar da olub.

0