UEFA Çempionlar Liqasınım yarımfinal mərhələsinin ötən gün keçirilən "Real" - "Mançester Siti" matçı 1:1 hesabı ilə başa çatıb. "Şəhərlilər"i məğlubiyyətdən xilas edən qolun müəllifi Kevin de Bruyne olub. Onun Madrid təmsilçisindəki həmyerlisi Tibo Kurtuanı növbəti dəfə məyus etməsi gecənin ən çox müzakirə edilən məsələlərindən birinə çevrilib.
De Bruynenin var gücüylə vurduğu zərbə qolkiper üçün qarşısıalınmaz olub. Sosial şəbəkələr bundan sonra bu mövzu ilə bağlı zarafatlara başlayıb. Qeyd olunub ki, bu yolla o, Tibo Kurtuadan növbəti dəfə qisas alıb. Matçla bağlı ən məşhur tvitlərdən biri Kevinin qol vurduğu anın fotosu və bu başlıqdır:
"This is for taking away my girl." pic.twitter.com/PVSV5XWAEz
— Troll Football (@TrollFootball) May 9, 2023
"Bu, sevgilimi apardığın üçündür."
Yəqin ki, bu hekayəni az-çox bilirsiniz: 2014-cü ildə De Bruynenin Karolina Liynen adlı sevgilisi Tibo Kurtua ilə münasibət qurub. Qızın açıqlaması isə daha dəhşətli idi: "Tibo məni bir gecədə Kevindən daha yaxşı hiss etdirdi".
Bu məsələ “Mançester Siti”nin yarımmüdafiəçisinin avtobioqrafik kitabı sayəsində məlum olub. Kevin Karolinanın dostları ilə birlikdə Madridə uçduğunu və elə orada Kurtua ilə münasibət qurmağa başladığını bildirib. Həmin vaxt belçikalı qolkiper "Atletiko"da çıxış edirdi.
De Bruyne xəyanəti dostu sayəsində öyrənib. Daha sonra Karolina jurnalistlərə başqa səbəblər də açıqlayıb: Onun sözlərinə görə, 2012-ci ildə De Bruyne ona xəyanət edib. Lakin onu bağışlayıb: “Mən bunu qisas almaq üçün etdim. Tibo daha maraqlı, daha ağıllı oldu, onunla hər şey haqqında danışa bilərsən" - deyə Liynen bildirib.
Bundan sonra belçikalı futbolçular arasında münasibət pozulub. Onlar hətta milli komandanın məşqində əlbəyaxa olublar. Həmin vaxt yığmanın baş məşqçisi olan Mark Vilmots Kevini sakitləşdirmək üçün "sən mənim komandamın vacib oyunçususan və başa düşürəm ki, Kurtua ilə birlikdə oynaya bilməzsən. İstəsən onu milli komandadan qova bilərəm" deyib. Lakin Kevin bundan imtina edib. “Səbəblər nə olursa olsun, Kurtuanın taleyini həll etmək hüququm yox idi. O, yaxşı qapıçıdır və millidə oynamağa layiqdir”, - deyə o, avtobioqrafik kitabında yazıb.
O vaxtdan bəri Belçika millisinin iki ulduzu arasında münasibətlər soyuq qalıb. Və ya ən azından bu, ötən gecəyə qədər belə idi. Matçdan sonra Kevin və Tibo bir-birinə yaxınlaşıb və qucaqlaşıblar.
Bu an günün fotosu adlandırılır. Deyəsən, inciklik artıq keçmişdə qaldı.