Eşqinin ifadəsi məlum oldu - “Barışmaq üçün getmişdim”

MAQAZİN
16:21 / 25.05.2023
727

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə yanaşı 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə də təqsirləndirilib.

Dünən Nəsimi Rayon Məhkəməsində barəsindəki protokola baxılan Goranboy rayon sakini, 1993-cü il təvəllüdlü Eşqin Cəlilov hadisənin təfərrüatı ilə bağlı danışıb. O, ifadəsində gözəllik salonuna Aysunla barışmaq üçün getdiyini deyib: "1 il əvvəl Aysunla ailə həyatı qurmuşdum. Lakin 2023-cü ilin may ayının əvvəllərində Aysun Cəlilovadan boşandım. 27 aprel 2023-cü il tarixdə Aysunla birgə icarə əsasında işlətdiyimiz Nəsimi rayonu ərazisində yerləşən "Aysun İsmayılova boutique atelye beauty center” adlı obyektə getmişdim. Orada olarkən Aysun Cəlilova ilə ünsiyyət yaratdım. Lakin həmin vaxt Aysun mənə qarşı nalayiq ifadələr işlətdi və həmin ifadələrdən hiddətləndiyimə görə özümə məxsus olan otaqda Aysunla birgə çəkilmiş fotomuzu vurub sındırdım. Lakin həmin vaxt işçilərin ünvanına hər hansı nalayiq ifadə işlətməmişəm. Daha sonra ortaq istifadə etdiyimiz noutbuku içərisində mənə məxsus olan şəxsi məlumatları köçürmək məqsədilə götürərək obyekti tərk etdim. Daha sonra özümə məxsus olan məlumatları götürdükdən sonra həmin noutbuku vəkilim vasitəsilə geri qaytardım. Daha sonra Aysun Cəlilova ilə münasibətləri aydınlaşdırmaq və yenidən barışıq əldə etmək üçün onunla əlaqə yaratmağa çalışsam da, səylərim nəticəsiz qaldı. Sonra polis əməkdaşları tərəfindən polis bölməsinə izahatımın alınması məqsədilə dəvət olundum. Mayın 24-də saat təxminən 16:00 radələrində polis bölməsinə getdim və orada izahatım alınaraq barəmdə protokol tərtib olundu. Halbuki tərəfimdən hər hansı nalayiq ifadə işlədilməyib, Aysun Cəlilovaya hər hansı xəsarət yetirilməyib. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edirəm”.

Zərərçəkmiş şəxs qismində izahat verən Aysun Cəlilova isə boşandıqdan sonra Eşqinin mübahisələr yaratdığını bildirib. O, Eşqinin ilk dəfə 27 apreldə adıçəkilən salona gələrək digər şəxsləri təhqir etdiyinin, nəticədə müştərilərin obyekti tərk etdiyini bildirib: "Növbəti dəfə isə 07 may 2023-cü il tarixdə Eşqin yenidən gözəllik salonuna gəldi, orada yenə təhqirlər səsləndirərək qolumdan tutaraq itələməyə başladı və xəsarət yetirdi. Bununla kifayətlənməyərək masaüstü noutbuku da götürərək obyekti tərk etdi”.
Ekspertizanın 24 may tarixli rəyində Aysunun sağ əlində xəsarətin olması və bu xəsarətin mayın 7-də əmələ gələ bilməsi qeyd edilib.

Məhkəmənin qərarı ilə Eşqin Cəlilova 30 sutka müddətinə inzibati həbs cəzası verilib.

0