Azərbaycanda teatr direktorlarına jurnalistlərlə təmasa girmək qadağası qoyulub.
Qaynarinfo-ya verilən məlumata görə, Mədəniyyət Nazirliyi tərəfindən tətbiq edilən qadağanı pozan teatr direktoru sərt cəzalanacaq. Bildirilir ki, mədəniyyət ocağında baş verən hadisələrlə bağlı nazirliyin icazəsi olmadan mətbuata açıqlama verilə bilməz.
Məlumatı dəqiqləşdirmək üçün Qaynarinfo bir neçə teatr direktoru ilə əlaqə saxlayıb.
Sumqayıt Dövlət Dram Teatrının direktoru əvəzi Vidadi Məmmədov ona belə bir qadağanın qoyulmadığını bildirib: "Nə rəsmi, nə də qeyri-rəsmi mənə belə bir qadağa qoyulmayıb. Teatr azad sənətdir. Teatr adamlarına qadağa qoymaq olmaz. Əgər belə bir şey olsaydı, ən azı şifahi deyərdilər. Yalan söhbətdir”.
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov da mətbuata müsahibə verməsi ilə bağlı qadağa qoyulmadığını vurğulayıb:
"Bizim xəbərimiz yoxdur, teatr sektorundan nə yazılı, nə də şifahi belə bir qadağa almamışıq. Teatra hər gün jurnalistlər gəlir, rejissor, direktor, aktyorlardan yaradıcılıqla, teatrın yenilikləri ilə bağlı müsahibələr alırlar”.