Tutulanda da kişi kimi tutulmaq lazımdır - Kamil Zeynallı

10:27 / 27.05.2020
3319

“Həbs olunan gündən nə isə fikirləşməyə zamanım olmadı. Hər gün kitab oxuyurdum. Həbs olundunsa, pis şeylər barədə fikirləşməməlisən. Karantin qaydalarını pozdum, səhv iş gördüm, cəzasını da çəkdim. Həbs olunduğuma görə qətiyyən pis olmadım”.

HİT.Az xəbər verir ki, bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində koronavirus pandemiyası ilə əlaqədər imkansız və kasıb ailələrə ərzaq yardımları payladığı zaman karantin qaydalarını pozduğuna görə, 10 sutka həbs olunan, mayın 22-si isə azadlığa çıxan məşhur fitnes məşqçisi Kamil Zeynallı deyib.

O, həbs olunması ilə bağlı təfərrüatı və bu hadisəni qızından gizlətdiyini belə şərh edib:

“Bu hadisələrdən sonra on gün ərzində oxuduğum səkkiz kitab dünyagörüşümü artırdı. Həyatımda dördüncü dəfədir ki, həbs olunuram. Tutulanda da kişi kimi tutulmaq lazımdır. İstər bir il olsun, istər beş. Fərqi yoxdur. Allah heç kimin yolunu həbsxanaya salmasın! Bacardığın qədər bu həyatda mərdimazardan uzaq qaçmalısan.

Həbs olunan zaman bir dəqiqə telefonla danışmağa imkanım yarandı. Gülayla danışdım. O da ağlayaraq soruşdu ki, qızımız Sahiləyə nə cavab verəcəyəm? Söylədim ki, dəstəyi ver Sahiləyə. Qızıma vəziyyəti belə anlatdım: “Atanın təcili işləri var, İstanbula gedirəm. Orada koronavirus xəstələri çoxdur. Köməyə ehtiyacı olan insanlar var. Onlara ərzaq yardımı aparmalıyam. Oradan da Antalyaya bilet alıb, gəlib səni aparacağam”.

Azadlığa çıxdıqdan sonra evə gedib, anası, qayınanası və Sahilə ilə görüşən Kamil həmin anları lentə alaraq sosial media hesabında paylaşıb. Lakin çəkilən görüntülərdə onun xanəndə həyat yoldaşı Gülay Zeynalovanın olmaması müzakirələrə yol açıb.

K.Zeynallı qalmaqallı məsələ ilə bağlı fikirlərini belə nəql edib:

“Həbsdən çıxanda məni 10 ən yaxın dostum qarşıladı. Gülaya söylədim ki, tək deyiləm, anamın evinə sən gəlmə! Səninlə evdə görüşəcəyəm. Elə də oldu. Birinci onunla görüşdüm. Sonra dostlarımla birgə anamın evinə getdim”.

Qeyd edək ki, mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılan K.Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrum olunmuşdu.

1