"Hamı mənə deyir ki, niyə "Komedixana"da çəkilmirsən?".
Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva HİT.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Gülmira xanım, böyük gözləntilərlə başlayan "Astar şou" niyə yayım həyatına davam etmədi?
- Artıq "Astar şou" ilə yollarımı ayırmışam. Çünki belə bir məlumat gəldi ki, "Astar şou" yanvar ayına qədər yayımlanmayacaq. Hətta yanvardan sonra belə davam edib-etməyəcəyi bilinmir. Ona görə də həmin layihədən ayrıldım.
- Bəs sizi "Komedixana" səhnəsində görə bilərik?
- Açığı, "Komedixana"dan təklif almamışam. Oradakı bəzi aktyorlarla salam-sağolum olsa da, yaxın münasibətim yoxdur. Əslində, çox adam mənə deyir ki, "niyə orada çəkilmirsən? O verilişin reytinqi yaxşıdır". Mən aktrisayam və bir çox layihədən təklif gələ bilər. Əgər təklif gəlsə, bəlkə dəyərləndirə bilərəm. Çünki mən heç bir yerdə müqavilə ilə işləmirəm. Sərbəst və rahat bir insan olduğum üçün hansı layihə ürəyimcə olarsa, orada çəkilərəm.
- Sizi həmçinin, Rəsul Abbasovun çəkdiyi videolardan və serialdan tanıyırıq. Bu əməkdaşlıq daha sonra "Astar şou" ilə davam etdi. Bəs onunla yeni işbirliyiniz olacaqmı?
- Əslində Rəsulla ilk tanışlığımız "Bu Leyli" serialında başladı. Həmin serial "YouTube" layihəsi olsa da, çox baxıldı. Hətta çox adam məni oradan tanıdı. Görənlərin əksəriyyəti bu serialın niyə davam etmədiyini də soruşur. Sonra isə bir çox vaynlarda və "Astar şou"da işbirliyimiz oldu. Lakin vaynlarla bağlı tamaşaçılar tərəfindən çox yaxşı fikirlər eşitmədim. Yəni izləyicilər deyirdilər ki, "biz səni elə layihələrdə görmək istəmirik". Onlar, məni daha ciddi və efirdə olan layihələrdə izləmək istədiklərini dedilər. Rəsul Abbasovla hələ ki, işbirliyimiz yoxdur. Bəlkə gələcəkdə hansısa bir serialda və ya filmdə birlikdə çəkilə bilərik.
- Yeni mövsümdə hansı layihə ilə tamaşaçı qarşısına çıxacaqsınız?
- Yeni mövsümdə hələ ki, bir serial və filmdə rol alacağam. ARB telekanalında yayımlanacaq "İkinci Bahar" serialında çəkiləcəm. Hal-hazırda da onun çəkilişlərində iştirak edirəm. İnşallah oktyabr ayının əvvəlində efirə gedəcək. Dilarə Əliyevanın komandasındayam, onun serialıdır. Həmçinin, "Hozu dayə" filmində də rol alacağam. Orada da əsas rollardan biri mənə həvalə olunub. Noyabrın 1-dən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq. Mövzusu və ssenarisi çox maraqlıdır. Hətta deyərdim ki, bu film əvvəlki "Hozu"lardan daha möhtəşəmdir. Mənə elə gəlir ki, daha çox kütlə yığacaq, daha çox tamaşaçı tərəfindən baxılacaq və bəyəniləcək.
- Karyera hədəfləriniz nələrdir?
- Karyeram ərzində heç vaxt birdən-birə böyük uğur əldə etməmişəm. Həmişə öz əziyyətimlə yavaş-yavaş addımlayaraq hədəflərimə nail olmuşam. Bugünümə şükürlər olsun. Yəni artıq filmlərdə və seriallarda əsas rollar mənə həvalə edilir. Dilarə xanımın komandasında olmaq bu sahədə qazandığım ən gözəl uğurlardan biridir. Amma təbii ki, bununla kifayətlənmirəm. Daha da yaxşı layihələrdə çalışmaq və daha yaxşı təkliflərin gəlməyini gözləyirəm. Ona görə də öz üzərimdə işləyirəm.
Qeyd edək ki, Gülmira Fərzəliyeva "Məryəm", "Ata ocağı", "Uçurum", "Bu Leyli", "Baldız", "28 iyun", "Yataqxana", "Dədə Malı", "İdarə", "Qaratikan" və "Uruset qızı" kimi seriallarda çəkilib. O, son olaraq "Astar şou"da rol alıb.
Pərviz Şimşək