“1974-ci ildə “Leyli və Məcnun” operası üçün Leyli obrazı seçilmişdim. Bir il sonra mərhum rejissor Mehdi Məmmədovun quruluşu altında “Leyli” obrazını oynaya bilərdim. Lakin zamanında bu obrazı canlandıran qadınlar toplaşıb mənə qarşı təxribat etdilər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
69 yaşlı sənətkar bildirib ki, 49 il əvvəl “Leyli və Məcnun” operasında “Leyli” obrazını canlandırmaq arzusu ürəyində qalıb. Buna səbəb isə sözügedən obrazın digər qadın ifaçılarının Qasımovaya qarşı təxribat yönümlü çıxışları olub:
“Onlar söylədilər ki, səhnədə bir dənə sarışın, rus “fason” Leyli çatmırdı. Psixoloji təxribatlara məruz qaldım. Bunlardan sonra bu obrazı canlandırmaqdan imtina etdim. Hətta biz məşqə gedib, mikrofonsuz məşqlər etmişdim. Bir il məşq etdim. 1975-ci ildə sözügedən əsərin yeni quruluşda premyarası olmalı idi. Ondan sonra mən sındım və daha muğam oxumadım. Hər şeydən təcrid olundum. Dedim ki, onsuz da başqa dillərdə mahnılar ifa edirəm. Mən elə mahnı janrına üstünlük versəm daha yaxşı olar. Amma sındım”.