"Uşaq vaxtı Çingiz Mustafayev kimi olmaq, müharibədə həlak olan insanların səslərini dünyaya çatdırmaq istəyirdim".
Bu sözləri tanınmış aktrisa Günay Həsən HİT.az-a müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik:
- Günay xanım, karyeranıza necə başlamısınız?
- 20 yaşım olanda rəfiqələrimdən biri "Həyat sən nə qəribəsən" serialına çəkilirdi. Çox maraqlı gəldiyi üçün, onunla çəkiliş meydançasına gedib, prosesin necə getdiyinə baxmaq istədim. Çəkiliş heyətindən bir nəfər yaxınlaşıb, çəkilmək istəyib istəmədiyimi soruşdu. Nəticədə, iki səhnəsi olan epizodik rolda oynadım. Bununla da karyerama başladım.
- Sizin istedadınızı ilk kəşf edən kim olub?
- “İlk kəşf edən” anlayışı mənə yaddır. Şansınız maksimum bir dəfə gətirə bilər, amma onu davam etdirmək, davamlı etmək öz əlinizdədir. Bir arzunuz varsa, oturub kəşf edilməyi gözləməyin. Çünki hərəkət etməyən hər şey məhvə məhkumdur.
Artıq beş ildir ki, peşəkar olaraq, “Azerbaijan Actors Agency” ilə çalışıram. Bu agentlik 2013-cü ildə Azərbaycanda yaradılmış beynəlxalq aktyor agentliyidir. Agentliklə işləmək çox rahatdır. Həm aktrisa olaraq bütün hüquqlarım qorunur, həm də bütün işləri agentlik həll etdiyi üçün bütün fikrimi öz yaradıcı işimə yönəldə bilirəm.
- Ən çox oynamağı arzuladığınız obraz hansıdır?
- Ümumiyyətlə, antoqanis xarakterli obrazlar mənə daha maraqlı gəlir. Təəsüff ki, təklif olunan bütün rollar müsbət-yaxşı qız rolları olub. Fərqli rollar oynamağı, xüsusən də əqli və fiziki məhdudiyyətli birini canlandırmağı çox istərdim. Lakin həyat hər zaman planladığımız kimi getmir.
- Karyera hədəfləriniz nələrdir?
- Rejissorluq təhsili almağı düşünürəm. Həmçinin, hal-hazırda dövlət siyasəti olan multikulturalizm mövzusunuda çəklişlər edirəm. Artıq montajları bitib. Bu prespektivdən davam edərək daha böyük kütləyə çıxış etməyi düşünürəm.
- Kumiriniz varmı? Kimə bənzəmək istəyərdiniz?
- Uşaq vaxtı Çingiz Mustafayev kimi olmaq, müharibədə həlak olan insanların səslərini dünyaya çatdırmaq istəyirdim. Hətta çəkliş zamanı ölməyi arzu edirdim. Amma böyüdükcə həyatın aruzulardan yox, gerçəkliklərdən ibararət olduğunun fərqinə varırsan. Hər kəsin öz gerçəkliyi var, Azərbaycandakı aktrisaların da gerçəkliyi burda doğulmaqdır. Azrularımız da ona görə formalaşır. Bizim də maksimum arzumuz kinomuzun dövlət siyasətinə çevrilməyidir.
Pərviz Şimşək