"Mənim sosial şəbəkələrə həvəsim yoxdur".
Bu sözləri məşhur aktrisa Gülmira Fərzəliyeva Hit.az-a açıqlamasında deyib.
O, yalnız "Instagram" hesabı istifadə etdiyini etiraf edib:
"Onu da çətinliklə istifadə edirəm. Mən dostlarımla daha çox real həyatda vaxt keçirməyə üstünlük verirəm. Çünki bir az qapalı qalmağı sevirəm. Yəni hara getdiyim, nə hədiyyə aldığım, kiminlə görüşdüyüm kimi məlumatları sosial şəbəkələrdə paylaşmağı sevmirəm".
Sevilən aktrisa söyləyib ki, bəzi şəkilləri sadəcə "WhatsApp"da paylaşır:
"Çünki, orada ancaq öz yaxınlarımdır. Sadəcə məsləhət bildiyim adamlarda nömrəm olduğu üçün "WhatsApp"da çox şey paylaşa bilirəm. Buna baxmayaraq, eyni addımı qətiyyən "Instagram"da atmıram. Ümumiyyətlə, hamı hər şeyi görülməli deyil. "TikTok"da isə açıq-saçıq geyinməsəm, söyüş söyməsəm heç kimə maraqlı olmaram".
Həmsöhbətimiz qeyd edib ki, aktrisalar tiktokerlərdən daha çox tanınmalıdır:
"Hər kəsin öz yolu və yaradıcılığı var. Amma bizim tiktokerlərdən çox tanınmağımız daha yaxşıdır. Çünki sosial şəbəkələr bağlansa, onların tanınmışlığı əldən gedəcək və qazancları qalmayacaq. Amma televiziya elədir ki, bu sahədə ömür boyu qalmaq və tanınmaq olur. Həmçinin, televiziyada tamaşaçı sevgisini də daha çox hiss etmək mümkündür. Düşünürəm ki, üstünlük budur".
Gülmira Fərzəliyeva istedadsız sosial şəbəkə fenomenlərinin film və seriala çəkilməsini qınayıb:
"Elə insanlar var ki, onların içərisində istedad yatır. Onların Azərbaycan Mədəniyyət və İncəsənət Universiteni belə bitirmələrinə ehtiyac yoxdur. Çünki doğulandan istedadlı olurlar. Məsələn, mən Bakı Slavyan Universiteni bitirmişəm, amma bir çoxundan daha təcrübəliyəm. Tiktokerlərin də içində istedadlı olanı varsa, aktyorluq edə bilərlər. Buna baxmayaraq, istedadı və yaradıcılığı olmayan sosial şəbəkə fenomeninin sırf tanındığı üçün seriala çəkilməsini qəbul etmirəm".
Pərviz Şimşək