"Meyxanaçılarla duet oxumaq tipim deyil. Oxumaq da istəmərəm".
Bu sözləri tanınmış müğənni Aysel Manaflı Hit.az-a müsahibəsində deyib.
Sözügedən müsahibəni təqdim edirik:
- Aysel xanım, tezliklə yeni mahnılarınız və klipləriniz olacaqmı?
- Bəli, yaxın zamanlarda yeniliklərim olacaq. Bu yaxınlarda yeni klip və mahnımı təqdim edəcəyəm. Sözləri Elçin Məhərrəmov, musiqisi isə İlkin Həsənə məxsusdur. Yenidən onların bəstəsinə üz tutdum. Klipin rejissoru isə Xəyal Hüseyn olacaq. Mahnı və kliplə bağlı digər məlumatlar isə sürpriz olsun.
- Aqşin Fatehlə oxuduğunuz "Həbibim" dueti çox sevildi. Lakin duetlərinizin davamını görmədik. Nə üçün işbirliyinə davam etmədiniz?
- Aqşin Fateh sənətə gəlməyimdə mənə dəstək olub. Buna görə çox sağ olsun deyirəm. Həqiqətən də duetimiz uğurlu alındı. Gələcəkdə Aqşin Fateh ilə duet olub-olmayacağını isə indidən deyə bilmərəm. Ümumiyyətlə, gələcəkdə nə olacağını proqnozlaşdırmaq çətindir.
- Bəs Pərviz Bülbülə, Talıb Tale və ya digər məşhur müğənnilərlə duetləriniz ola bilər?
- Xeyr, bunun olacağını düşünmürəm. Açığı, meyxanaçılarla duet oxumaq tipim deyil. Oxumaq da istəmərəm. Bu mənada sadəcə Aqşin Fatehlə duet oxumuşam. Çünki o, sənətə başlamağımda mənə dəstək olub.
- Son zamanlarda bir çox müğənni mashup oxuyub və kifayət qədər də sevilib. Siz də bu stildə mahnı oxumağı düşünürsünüz?
- Bəli, bu barədə düşünürəm. Yaxın gələcəkdə mən də mashup oxuya bilərəm.
- Sizi nə üçün televiziyada çox görmürük?
- Əslində, mən istəsəm elə bu dəqiqə televiziyaya çıxaram. Amma bunun mənim üçün hələ ki, tez olduğunu düşünürəm. Ağlımda olan işlər və layihələr çoxdur. İnşallah onları həyata keçirəndə əlbəttə ki, televiziyada təqdim edəcəm.
- Bəlkə gündəmdə çox olmağı sevmirsiniz?
- Mən sənətdə yeni olmağıma baxmayaraq yetərincə gündəmdəyəm. Amma açıq-saçıq geyimlərimlə gündəmə gəlmirəm. Həmçinin, bəzi müğənnilər kimi yalandan əlimə mikrofon götürüb özümü biabır etmirəm. Mən sırf öz əziyyətimlə keyfiyyətli bəstələr oxuyaraq gündəmdə oluram.
Pərviz Şimşək