Elməddin Cəfərov kimdir?

MAQAZİN
16:13 / 20.06.2024
770

1 yanvar 1981-ci ildə Azərbaycanın ən komik insanlarından biri dünyaya gəlib.

Söhbət hər mimikası ilə üzlərdə təbəssüm yaradan istedadlı yumor ustadı Elməddin Cəfərovdan gedir. O, Qərbi Azərbaycanın Göyçə mahalında, Zod kəndində doğulub.

Elməddinin uşaqlıq illərində kamera qarşısına keçməyə fobiyası var idi. O, hətta üz quruluşunu belə bəyənmirdi. Çünki digər uşaqlar onun görünüşü, xüsusilə çənəsi ilə lağ edirdilər. Lakin həyatın sürprizlərlə dolu olduğu sözü bir daha öz təsdiqini tapdı. Zamanında kameraya qarşı fobiyası olan Elməddin Cəfərov ekran qarşısında ulduza çevrildi. 

Uşaq vaxtı məsxərəyə qoyulan siması isə milyonları güldürdü. Bəlkə də, elə uşaq vaxtı siması ilə lağ edilməsi, bir növ ona baxanda insanların gülməsinə səbəb olan əsas faktor idi. Çünki dünyanın ən böyük yumor ustadları belə öz simalarını bəyənmir, hətta bunu kompleks edirlər. Lakin milyonlarla insan onların simasına baxanda üzlərində gülüş əmələ gəlir. Əslində bu, hər insana nəsib olmayan bir mükafatdır.

İstənilən şəxs hansısa sahədə uğur qazana və ya varlı ola bilər. Amma hər kəsi hər zaman güldürmək bacarığı hamıya nəsib olmur. Elməddin Cəfərov isə Allahın bu istedadı bəxş etdiyi nadir insanlardan biridir.

Azərbaycan xalqı onu ilk dəfə 2002-ci ildə "Space" telekanalında yayıma başlayan "Tək səbir" layihəsi ilə tanıdı. Elməddin Cəfərov sözügedən layihədə elə möhtəşəm performans sərgilədi ki, bir anda bütün ölkədə populyar olmağa başladı. Hər kəs onun zarafatlarını səbirsizliklə gözləyirdi. 

Onu da vurğulamaq lazımdır ki, "Tək səbir" indiyə kimi Azərbaycan televiziya məkanında ən yüksək reytinqi toplayan layihə kimi tarixə keçib. Şübhəsiz ki, bu göstəricidə gənc Elməddinin misilsiz xidmətləri olub. Lakin bir dönəmə damğa vuran layihə müəyyən səbəblərə görə fəaliyyətini davam etdirə bilmədi. Bu isə istedadlı aktyorun özünü daha da inkişaf etdirməsinə səbəb oldu. 

Elməddinin Cəfərov 2005-ci ildə "Toy" filmində oynadı. O, 2006-cı ildə isə "Ailəm", "Qonşular" və "Milçək" adlı filmlərdə rol aldı. İzləyicilərin rəğbətini qazanan aktyor növbəti ildə də 3 filmə - "Kəndim+nizə qayıdın!?", "Koma 0,1 saniyədə" və "Müəmmalı yubiley" filmlərində rol aldı.

Sənətçi 2008-ci ildə yenidən proqramla qarşımıza çıxdı. O, "Arı şou" adlı layihə ilə növbəti dəfə "ATV" kanalı ilə ekranlara qayıtdı. Qısa zamanda uğura nail olan komanda 2009-cu ildə isə "Bacanaqlar" adlı serial çəkdi. "ATV" kanalında yayım həyatına başlayan serial o dönəm birmənalı qarşılanmadı. 

Bəzi insanlar və sənətdə olan şəxslər yerli seriala ehtiyac olmadığını, baxılmayacağını önə sürürdülər. Lakin Elməddin Cəfərov bütün sərt tənqidlərə rəğmən, Azərbaycanda da insanların maraqla izləyəcəyi serial çəkmək hədəfindən geri addım atmadı. Nəticədə xarici serial izləməyə alışan tamaşaçı auditoriyası yerli seriallara yönəldi. Zaman Elməddin Cəfərov haqlı olduğunu sübut etdi. 

"Bacanaqlar" o qədər böyük uğurlara nail oldu ki, tam 10 il fasiləsiz olaraq davam etdi. Bu da Azərbaycan serialları arasında rekord göstəricidir. Ekran işi yayımlandığı dönəm ərzində bir çox ilklərə imza atdı və bütün ölkə ərazisində yüksək izlənmə göstəricilərinə sahib oldu. "Bacanaqlar" bu gün də Azərbaycanın əfsanəvi serialları arasında göstərilir. Elməddin Cəfərovun serialda canlandırdığı "Taleh" obrazı isə Azərbaycan teleməkanının gəlmiş-keçmiş ən komik obrazlarından biri kimi yaddaşlara həkk olundu. 

Hətta bu gün belə sosial şəbəkələrdə həmin obrazın səhnələri paylaşılır. Bu da öz növbəsində tamaşaçıların "Taleh" obrazını, dolayısı ilə Elməddin Cəfərovu necə çox sevdiyini əyani olaraq bir daha sübut edir.

Elməddin Cəfərov "Xoxan", "Naxox", "Hoqqa", "Qaragöz" kimi kinoteatrlarda izlənmə rekordları qıran onlarla komediya filmlərində də baş rolları ifa edib. O, 2018-ci ildə Türkiyənin məşhur aktyorları ilə birgə "Çatı Kapı Aşk" filmində də baş rola həyat verib. Üstəlik, sənətçi türk mediasında "Azərbaycanın Cem Yılmazı" kimi təqdim olunub. 

Sevilən aktyor "Qayınana", "Leyli və Məcnun", "Ailəmiz" və "Eltilər" seriallarında da əsas obrazlara həyat verib. Elməddin Cəfərov həm də uğurlu prodüserdir. O, "Bacanaqlar", "Qardaşlar", "Qız Atası", "Kişi sözü", "Leyli və Məcnun", "Ailəmiz" və "Eltilər" kimi sevilən serialların baş prodüser olub. Hətta bir dönəm onun baş prodüseri olduğu 4 serial eyni mövsümdə "ATV" kanalında yayımlanırdı. Ölkənin ən baxımlı kanalına bir mövsümdə həftəlik 4 komediya serialı çəkə bilmək də olduqca məsuliyyətli və çətin bir işdir.

Sənətçi 2021-ci ildə yenə "ATV" telekanalında "Qısa qapanma" adlı tok-şou ilə qarşımıza çıxdı. 

Elməddinin Cəfərov evlidir, Nihat və Rihat adlı 2 oğlu var.

Daima insanları güldürən sevimli sənətçimizə hər zaman uğurlar arzulayırıq. Tamaşaçılar olaraq hər zaman sizin yaratdığınız obrazları sevərək izləyirik və ürəkdən gülürük. Bu uğuru bir ömür boyu davam etdirməyinizi diləyirik...

Pərviz Şimşək

0