Flora Kərimova yenidən məhkəməyə üz tutdu

MAQAZİN
11:23 / 14.08.2024
532

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı ilə aralarında olan məhkəmə prosesindən narazı olduğunu bildirib. 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.

Sənətçi bu işdə hakim Abbas Rzayevi günahlandırıb. F.Kərimova həmçinin, jurnalist Ülviyyə Alovludan yenidən şikayətçi olduğunu bildirib. 

"Abbas Rzayev, sizin hakimlik üslubunuzu artıq millət şərh edir. Əhval-ruhiyyənizdən sezirəm ki, Siz Afətin “mən ad çəkmədim” cümləsindən istifadə edib onu da Ülviyyəsayağı xilas etmək niyyətindəsiz? Görünür, öncəkini cəzasız qoyduğunuzu bu dəfə də təkrarlamaq niyyətindəsiz. Məhkəmə zalında üzünüzə: “məni heç kim axtarmayıb, Binəqədi məhkəməsinə (şəxsən sizi nəzərdə tutaraq) zəng elədim" dedi. “Elə bir şey yoxdur, səni axtarmırlar” deyəndə, “Bandotdel"ə (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsini nəzərdə tutaraq), Baş Polis İdarəsinə zəng elədim, soruşdum, dedilər "sizi axtarmırıq” deyəndə, soruşmadınız ki - "Sən kimsən ki, ölkənin güc strukturlarına belə rahat zəng edib nəsə soruşursan?". Əksinə, siz susdunuz. “Zəng elədim” deməklə sizə nəyi eşitdirib? Sonra sevincək “Mən qalibəm”, “Məni heç kim axtarmır” deməklə təkrar üzünüzə durub sizi və Baş Polis İdarəsini yalançı etdiyini də nə səbəbə susmaqla qarşıladınız? Verdiyiniz arxayınlığın davamıdır ki, Ülviyyəyə ikinci cinayət işi Yasamal məhkəməsinə təqdim olunub. Bunu da deyim bilməyənlər də bilsin.

Yoxsa, Ülviyyənin cəzasızlığından ilham alan Afət də 2019-cu ildən dayanmadan ünvanıma dediklərindən sonra, 2024-cü ilin martından susaraq “məsumə”, “böyük-kiçik dəyəri bilən” rolu oynamağı sizin xilasetmə işinizə yarayacaq?! Beş (5) il dayanmadan, ünvanıma şəhlədiyi nalayiq təhqir və böhtanlarla Afətdəmi cəzasız qalacaq? Abbas Rzayev, əmin olun, “barışdırmaq vəzifə borcumdur” deyib, o pərdə altında “yaxşılıq” niyyətiniz Afətə daha baha başa gələcək. Sizin hakim olaraq ən böyük vəzifə borcunuz zərərçəkmişin – yəni mənim haqlarımı bərpa etməkdir! Bacarırsınızsa, edin. İstəmirsinizsə, bu artıq hamıya aydın sizin hədəfdir. Afətin ünvanıma indən belə ən azı iki məhkəməlik təhqirlərinə də susmayacağam. 

Haqqımı çeynəyə bilən, yolumdan çəkindirə bilən, insan yoxdur və olmayacaq. Bu dünyanın məhşərini axirətə saxlayan deyiləm, bundan varlığım qədər əmin olun. Ümid edirəm qərarınız and içdiyiniz konstitusiyaya layiq olacaq. 

Sabah (bu gün - red.) Afət Fərmanqızının Binəqədi rayon məhkəməsində 17:00-da son dinləməsi olacaq". 

Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı. Sənətçi məhkəmənin onun xeyrinə qərar verdiyini açıqlamışdı. 

Həmçinin,  Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir. 

0