"Bacanaqlar"ın davamı çəkiləcək? - Eksklüziv AÇIQLAMA

MAQAZİN
10:52 / 30.08.2024
552

"ATV" telekanalının "Bacanaqlar" serialının davam etdirilməsi istənilir. 

Belə ki, 2009-2019-cu illərdə yayımlanan serial zamanında kifayət qədər çox sevilirdi. Sözügedən layihədə saysız-hesabsız məşhur simalar da çəkilib. Üstəlik, "Bacanaqlar" yayımlandığı dönəmdə ölkənin hər bölgəsində izləyici toplaya bilirdi. 

Xüsusilə, baş rol "Taleh" obrazını canlandıran Elməddin Cəfərovun performansı çox bəyənilirdi. Məhz bu səbəbdəndir ki, 5 il əvvəl bitməsinə rəğmən, bu gün belə sosial şəbəkələrdə "Bacanaqlar" serialından fraqmentlər paylaşıldığını görürük.

Hətta bəzi izləyicilər sevilən serialın yenidən çəkilməsini istəyirlər.

Maraqlıdır, "Bacanaqlar" serialının davamı çəkilə bilər? 

Bu suala cavab öyrənmək üçün Elməddin Cəfərov ilə əlaqə saxladıq. Sevilən aktyor Hit.az-a açıqlamasında "Bacanaqlar" serialının yenidən çəkilməsi ilə bağlı təkliflər aldığını etiraf edib:

"Həqiqətən də "Bacanaqlar" serialı dönəminin ən çox baxılan və ən uzun ömürlü serialı olub. Çox maraqlı serial idi. Mənim canlandırdığım "Taleh" obrazı da insanlar tərəfindən çox sevildi. Hətta indi belə onun səhnələrini sosial şəbəkələrdə paylaşırlar. Açıqcası, "Bacanaqlar" serialını davam etdirmək barədə təkliflər olub. Buna baxmayaraq, artıq o barədə düşünmürəm". 

Qeyd edək ki, "Bacanaqlar" serialında uzun illər "Mətanət" obrazını oynamış məşhur aktrisa Fidan Axundovanın performansı da çox sevilirdi. İzləyicilərin Elməddin Cəfərov və Fidan Axundovanı yenidən tərəf müqabili kimi izləmək istədiklərinə dair rəylər var. Bu məsələyə də münasibət bildirən Elməddin Cəfərov yenidən Fidan Axundova ilə birlikdə kamera qarşısına keçə biləcəyini deyib:

"Əslində, "Qara-qura işlər" adlı yeni serialımda Fidan Axundova ilə yenidən birlikdə rol ala bilərik. İnşallah bizi yenidən izləyərsiniz".

Pərviz Şimşək

0