Seriallardakı obrazlara bənzəməyə çalışan gənclər...

MAQAZİN
20:19 / 06.09.2024
538

İnsan hansı obrazı çox izləyirsə, bir müddət sonra özündə oradakı obrazlarla müəyyən oxşarlıqlar kəşf edir.

Əslində, bu əlamətlər onda öncədən olmur, həmin obrazın təsiri altında yaranır. Bu, tamamilə psixoloji və şüuraltı məsələlərdən qaynaqlanır. Yəni bir müddət sonra istər-istəməz izlədiyimiz seriallardakı obrazlara çevrilirik. Ona görə nələri izlədiyimizə diqqət etməliyik. Çünki bu, çox vaxt yaxşı təsir göstərmir.

Son illərdə insanlara daha çox təsir edən serialların başında isə türk serialları gəlir. Daha doğrusu, ölkəmizdə ən çox türk serialları izlənildiyi üçün qardaş ölkənin ekran işləri bu siyahıya başçılıq edir. Hətta türk serialları Azərbaycanda öz seriallarımızdan belə çox izlənilir.

Lakin türk seriallarının əksəriyyətində göstərilən həyatlar və qəhrəmanlaşdırılan obrazlar heç də birmənalı qarşılanmır. Üstəlik, bəziləri cəmiyyət, xüsusilə də gənclər üçün olduqca pis örnək təşkil edir. Bu gün Türkiyənin özündə belə həmin serialları tənqid edən milyonlarla insan var. Onlar, həmin serialların əsl Türkiyə ailəsini əks etdirmədiyini və dünyada türk insanı barəsində yanlış təsəvvür formalaşdırmasından şikayətlənirlər.

Belə ki, yeni çəkilən türk seriallarının əksəriyyətində namus, mədəniyyət, əxlaq kimi təməl anlayışların yox sayıldığını görürük. Sözügedən ekran işlərində hər kəsin bir-birinə xəyanət etdiyi, oğurluğun, cinayətlərin və qanunsuzluqların baş alıb getdiyini nümayiş olunur. Əlbəttə ki, bu da öz növbəsində azyaşlı uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir. 

Ekranda göstərilən obrazları bir müddət sonra öz həyatımızda görməyə başlayırıq. Seriallardakı obrazlar kimi geyinən, saçlarını onlara bənzər kəsdirən, onların bütün hərəkətlərini və sözlərini yamsılayan gənclər yetişməyə başlayır. Bu artıq çox ciddi bir problemə də çevrilib. 

Çünki gənclərin əksəriyyəti fərd kimi yetişmirlər, özlərini kəşf etmirlər, nə istədiklərini bilmirlər. Sadəcə ekranda gördükləri obraza bənzəməyə çalışaraq yaşayırlar. Amma cəmiyyət xəyali obrazları deyil, əsl fərdləri görmək istəyir.

Əziz gənclər! Əgər fərqlilik və ya yenilik etmək istəyirsinizsə obrazlara oxşamağa çalışmayın. Çünki belə etdiyinizdə sadəcə onların "kopyası" və ya "klonu" kimi görünürsünüz. Əmin olun ki, bu da kənardan heç də yaxşı bir görüntü formalaşdırmır. 

Üstəlik, bu şəkildə hörmət də qazana bilməzsiniz. Amma öz istedadınızı üzə çıxarın. Bəlkə sizdən çox yaxşı aktyor, müğənni, idmançı, iqtisadçı, tarixçi, siyasətçi və ya hansısa başqa peşə sahibi ola bilər. Hər kəs özünəməxsus istedadını üzə çıxara bilər. Ancaq obrazlara bənzəməyə çalışaraq bu istedalarınız da yox olub gedəcək. Ona görə nə qədər gec deyil yaxşı düşünün. Unutmayın, həyat serial deyil...

Pərviz

0