Hollivud aktrisası Cessika Alba kino prodüseri Keş Uorrenlə boşandıqdan sonra yeni münasibət barədə şayiələr yaradıb.
HİT.az xəbər verir ki, fotolar "Daily Mail" saytında dərc edilib.
Cessika Alba "Oskar" mükafatından sonra keçirilən əyləncə gecəsini stand-up komediyaçısı Aleks Edelman ilə birlikdə tərk edib. Paparassilər onları Uollis Annenberq İfaçılıq Sənəti Mərkəzindən çıxarkən görüntüləyiblər. Aleks Edelman aktrisanın üşüməməsi üçün ona öz pencəyini verib və onu qucaqlayıb. Hələlik aktrisa və yumorist münasibətləri ilə bağlı yayılan şayiələrə rəsmi açıqlama verməyiblər.
2024-cü ilin dekabr ayının sonunda Cessika Albanın həyat yoldaşı Keş Uorrenlə boşanacağı barədə ilk söz-söhbətlər yayılmışdı. Aktrisanın barmağında nişan üzüyünün olmaması sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmamışdı. Yanvarın 16-da isə Cessika Alba rəsmi şəkildə boşandığını açıqlamışdı.
"Artıq uzun illərdir ki, həm şəxsiyyət, həm də Keş ilə münasibətimizdə özünü inkişaf və transformasiya yolundayam. Son 20 ildə birgə böyüməyimizlə qürur duyuram və indi bizim üçün fərdi inkişaf və dəyişiklik baxımından yeni fəsli başlamağın vaxtıdır. Biz sevgi, xeyirxahlıq və hörmətlə yolumuza davam edirik və həmişə bir ailə olaraq qalacağıq. Övladlarımız bizim üçün ən böyük prioritet olaraq qalır və bu dövrdə məxfiliyin qorunmasını xahiş edirik", deyə Alba şəxsi bloqunda yazıb.
Aktrisa və kino prodüseri 2004-cü ildən birlikdə olub və onlar "Fantastik dördlük" filminin çəkilişləri zamanı tanış olublar. Cütlüyün üç övladı var: 16 yaşlı Onor Mari, 13 yaşlı Hevən Qarner və 6 yaşlı Heys.
Samir