"Tezliklə yeni layihələrim olacaq".
Bu sözləri məşhur müğənni Tərlan Novxanı Hit.az-a açıqlamasında deyib.
O, konsert vermək istədiyini söyləyib:
"2025-ci ildə konsert vermək istəyirəm. Lakin dəqiq vaxtını hələ müəyyənləşdirməmişik. Çox güman ki, payız ayında edəcəyik. Təxminən 1 ay keçəndən sonra bu barədə planlaşdırma aparacağıq. Hazırda toylar və işlər çox olduğu üçün konsert proqramı ilə bağlı tam məlumat verə bilmirəm".
Sənətçi yeni duetlərin də gələcəyini açıqlayıb:
"Yaxın zamanlarda yeni duetlərim olacaq. Bir neçə sənətçi ilə duet nəzərdə tuturuq. Sadəcə düzgün vaxtları müəyyən etməyə çalışırıq".
Tərlan Novxanı qeyd edib ki, Özbəkistanın Əməkdar artisti Uluqbek Raxmatullayevlə də yeni duet oxuyacaq:
"Uluqbek Raxmatullayev çox peşəkardır, Özbəkistanın ən yaxşı sənətçilərindən biridir. Onunla uzun illər öncə təqdim etdiyim "Badi Səba" mahnısını duet oxuyacağıq. Mahnının sözləri özbək dilinə tərcümə olunub. Aranjıman da demək olar ki, hazırdır.
Klipi isə 1-2 ay ərzində təqdim edəcəyik. İnşallah Uluqbek Raxmatullayev klipin sujet xətti, məkanların seçimi kimi məsələləri müzakirə etmək üçün tezliklə Azərbaycana gələcək. Klipdə Bakıdan da bəzi səhnələr ola bilər".
Sənətçi sözlərini belə yekunlaşdırıb:
"Hazırda mahnı və kliplə bağlı işlər davam etdirilir. Allahın köməkliyi ilə möhtəşəm bir iş ərsəyə çıxacaq. Düşünürəm ki, klipi çox uğurlu şəkildə təqdim edəcəyik və insanlar bəyənəcək".
Pərviz Şimşək