Fransanın sabiq birinci xanımı qırmızı xalıda diqqətləri üzərinə çəkdi - FOTO

MAQAZİN
20:55 / 19.05.2025
52

Fransanın sabiq prezidenti Nikola Sarkozinin həyat yoldaşı, supermodel Karla Bruni Kann Kino Festivalında diqqətçəkən görünüşü ilə gündəmə gəlib. 

HİT.az xəbər verir ki, onun fotolarını "Daily Mail" portalı dərc edib.

57 yaşlı Karla Bruni Kann şəhərində keçirilən 78-ci beynəlxalq film festivalı çərçivəsində nümayiş olunan "Finikiya sxemi" filminin premyerasında iştirak edib. O, qırmızı xalıya bordo rəngli, yarığı olan uzun məxməri don və hündürdaban qara sandal geyimində çıxıb. 

Modelin obrazını iri sırğalar, kütləvi bilərzik, qara dəri klatç və üzük tamamlayıb. Saçları dalğalı formada düzəldilib, makiyajda isə qara konturla çəkilmiş göz qələmi və təbii tonlu dodaq boyası istifadə olunub.

Karla Bruni ilə Nikola Sarkozi 2007-ci ildə diplomatik qəbulda tanış olub. 2008-ci il yanvarın 8-də o dövrdə prezident vəzifəsini icra edən Sarkozi münasibətlərini rəsmi şəkildə təsdiqləyib və evlənmək niyyətində olduğunu bəyan edib. Cütlüyün nikahı 2008-ci il fevralın 2-də Yelisey sarayında baş tutub. Bu, Nikola Sarkozinin üçüncü evliliyi olub. Onların qız övladı Culya 2011-ci il oktyabrın 19-da dünyaya gəlib.

Samir

0