"Hal-hazırda daimi işim olmadığı üçün zamanımı sadəcə dincəlməyə sərf edirəm".
Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.
O, istirahətindən danışıb:
"Sonuncu səyahətim Doha və Maldiv adalarına idi. Valideynlərimlə getmişdim. Çox gözəl oldu. Dincəldim, istirahət etdim və maraqlı yerləri gördüm.
Fikirləşirdim ki, Maldiv adalarına nə vaxtsa həyat yoldaşımla gedərəm, amma qismət olmadığı üçün ailəmlə getdim. Tətildən enerji ilə dolu şəkildə qayıtdım. Bu istirahət mənə fiziki və mənəvi baxımdan çox yaxşı təsir etdi. Təbii gözəlliklər, dəniz havası və səssizlik olduqca möhtəşəm idi".
Lakin aktrisa hazırda bir sıra reklam əməkdaşlıqları etdiyini söyləyib:
"Hal-hazırda sadəcə reklam əməkdaşlıqları edirəm. Böyük şirkətlər, restoranlar və mağazaların reklamlarını edirəm. Ancaq daimi layihəm yoxdur. Yəni hansısa serial və ya filmdə çəkilmirəm.
Sonuncu çəkildiyim serial "Günahsız günahkar" idi. Onun çəkilişləri bitib, amma hələ efirdə yayımlanmağa davam edir. Mənim orada canlandırdığım obraz 22-ci bölümdə öldüyü üçün serialdan çoxdan ayrılmışam".
Sənətçi qeyd edib ki, yeni layihələrdə çəkilmək üçün hazırdır:
"Əslində, bu istirahət mənim üçün sadəcə tətil deyildi. Düşünürəm ki, bu, bir növ yenilənmə, daxili balansı bərpa etmə fürsəti oldu. Çünki insan yüksək tempolu günlərin, çəkilişlərin içində bəzən özünü unudur.
Amma təbiət qoynunda keçirdiyim bu günlər məni yenidən özümə qaytardı. İndi qarşıda məni gözləyən layihələrə tam motivasiya ilə başlamağa hazıram. İnşallah tezliklə yaxşı bir obrazla yenidən tamaşaçıların qarşısına çıxacağam".
Pərviz