Hollivud ulduzu Robert De Niro 81 yaşında Tiffani Çen ilə birlikdə iki yaşlı qızları Gianı necə böyütdüyünü açıq şəkildə danışıb. O, öz prinsiplərini bölüşərək əsas qayəsini açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "The Independent" aktyorun "Entertainment Tonight" verilişinə verdiyi müsahibəyə istinadla məlumat yayıb.
"Əsas məsələ dəstəkdir. Əgər uşaqlar özlərinə zərər vermirlərsə və dağıdıcı hərəkətlər etmirlərsə, onları şərtsiz şəkildə dəstəkləmək lazımdır. Əgər onların qərarları ilə razılaşmırsansa belə, yenə də onların yanında olmalısan. Onlar sənin onları dəstəklədiyini bilməlidirlər. Həmişə", deyə aktyor bildirib.
Bu yaşda ata olmağın necə bir hiss olduğu ilə bağlı suala cavab verən De Niro deyib: "Gia sevinc mənbəyidir. İndi onun iki yaşı var və əlbəttə ki, zaman keçdikcə hər şey dəyişir... Amma bu, həmişə gözəldir. Tamamilə saf bir sevinci ifadə edir, bundan artıq nə deyilə bilər ki".
Qeyd edək ki, Giadan əlavə Robert De Nironun əvvəlki münasibətlərindən daha altı övladı var. O, ilk həyat yoldaşı Dianne Abbott ilə birlikdə qızı Drena (57 yaş) və oğlu Rafaeli (48 yaş) böyüdüb. 1995-ci ildə keçmiş həyat yoldaşı Toukie Smitdən əkiz övladları Julian və Aaron (29 yaş) dünyaya gəlib. Aktyorun həmçinin keçmiş həyat yoldaşı Qreys Hiqtoverdən oğlu Elliot (26 yaş) və qızı Helen Qreys (12 yaş) var.
Aktyordan övladlarının onu ata kimi necə təsvir edəcəkləri soruşulduqda, o belə cavab verib:
"Ey tanrım, hər birinin öz baxışı olardı. Ailə çox mürəkkəb bir anlayışdır... Mən əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Ümid edirəm ki, onlar xoşbəxt olarlar".
Xatırladaq ki, daha əvvəl aktyorun 29 yaşlı oğlunun cinsiyyət keçidi edərək qadın olduğu və transgender keçidini ictimaiyyətlə bölüşdüyü məlum olmuşdu.
Samir