"Mən gözümü açandan atam ikinci dəfə evli olub. Atamın uzun müddət övladı olmayıb. Ona görə də həmin qadınla uşağını mənim anama vermək şərti ilə birlikdə olub. Atamın şöhrəti artdıqdan sonra o uşağını vermədi. Mənim anamın anası tərs qadın idi. O dedi ki, mənim qızımın ölümünə bu məsələ səbəb oldu. Nənəmlə xalam məni böyütdü. Sonra nənəm dünyasını dəyişdi. Atam güclə məni onlardan aldı. Atamın xəstəlik dövrü başladı, xəstəxanada yatırdı. Mən ona doyunca "ata" deyə bilmədim. Nə də o doyunca başımı sığalladı. 1969-cu ildə vəfat etdi".
HİT.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı iş xanımı Ruhi Əliyevanın "Qaranlıqda həqiqət" yutub layihəsində deyib. O, mərhum atası, Xalq artisti Bəşir Səfəroğlu və ögey anasının ona münasibətindən danışıb:
"Ögey anam ölüb, istəmirəm arxasıyca nəsə deyim. İstər onunla, istər bacımla münasibətimiz çox dəhşət olub. Zümrüd Talıbova bacımdır. Anasının soyadıdır. Analığımın mənə şiddətli zülm etdiyi bir vaxtda dedilər ki, yad qızı saxlayırıq. Söylədilər ki, o sənə nə ana, nə ata olacaq? Bu əlimdəki bıçaq yarası da ömürlük mənimlə qaldı. Onda 14 yaşım var idi.
Mən atamı tanımırdım. 1965-ci ildə yanına gəldim, 1969-cu ildə rəhmətə getdi. Üstəlik o xəstə idi, ona heç nə deyə bilməzdim. Onun ölümündən 56 il keçib. Bunun haradasa 35 ilində onu istəməyə başadım. Qəbrini düzəltdik. Onun 100 illik yubileyini də özüm keçirdim. Əlimdə nə var idisə, onu yaşatmağa çalışdım. Ata-ananın pisi olmur, övladın olur. Mən onun borcumdan çıxa bildim, halal xoşu olsun".