"Azərbaycanda tərəf müqabilim olmasını arzuladığım aktyor yoxdur.".
Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Leyla xanım, zaman-zaman məşhurlar aylıq xərcləri barədə açıqlamaları ilə gündəmə gəlirlər. Sizin aylıq xərciniz nə qədərdir?
- Gəlirim hər ay fərqli olur. Çünki bu, çəkişlərdən asılıdır. Yəni hansısa layihələrdə rol aldığım ay qazancım daha çox olur. Bundan başqa, "Instagram"dan da pul qazanıram. Bəzi salonlar və şirkətlərlə əməkdaşlıq edirəm, onların reklamlarını paylaşıram. Lakin bəzən də bir neçə ay işsiz oluram. Məsələn, aprel ayından etibarən demək olar ki, işim olmayıb. Hazırda da stabil olaraq qazanc yerim yoxdur.
- Həyatınızda olacaq şəxsdən əsas gözləntiləriniz nələrdir? Sizin üçün aylıq nə qədər xərcləməli və maaşı nə qədər olmalıdır? Müəyyən etdiyiniz standartlar var?
- Mənim əsla həyatımda olacaq şəxsdən gözləntim olmayıb. Heç kim də deyə bilməz ki, "Mən Leylaya böyük, dəyərli bir hədiyə almışam". Çox şükür ki, mən hər şeyi özüm və ailəm sayəsində etmişəm. Ancaq həyatımda olacaq şəxsin mütləq şəkildə maaşı olmalıdır. Ümumiyyətlə, kasıb bir insanla ailə həyatı qurmağı düşünmürəm. Evlənəcəyim insan ailəsini maddi cəhətdən təmin edə bilməlidir. Bundan başqa, mənə diqqəti və qayğısı da önəmlidir.
- Bir çox məşhur öz həmkarı ilə evlənməyə müsbət baxmadığını deyir. Bəs sizin düşüncəniz necədir? Aktyorla evlənmək istəyərsiniz?
- Xeyr. Qətiyyən aktyorla evləməyi düşünmürəm. Düzdür, əvvəllər fikirləşirdim ki, öz sahəmdə olan bir adamla ailə həyatı qurmağım daha məntiqli olar. Sənətimə də dəstək olacağını falan nəzərə alırdım. İndi isə düşünürəm ki, aktyorla evlənsəm, gərək onun əlavə gəlir yeri və ya biznesi olsun.
Çünki aktyor bugünkü gündə yaxşı və ya mənim istədiyim ailə büdcəsinə uyğun qazanmır. Mən özümün və gələcəkdə övladımın sıxıntı yaşamağını istəmərəm. Ona görə də məntiqlə ailə qurmağı düşünürəm.
- Azərbaycanda tərəf müqabili olmaq istədiyiniz kişi aktyorlar kimlərdir?
- Demək olar ki, istədiyim bütün aktyorlarla tərəf müqabili olmuşam. Onlar arasında Xalq artistləri, Əməkdar artistlər və korifey sənətkarlar olub. Bu səbəbdən də Azərbaycanda tərəf müqabilim olmasını arzuladığım aktyor yoxdur.
- Nə üçün uzun müddətdir ekranlarda yoxsunuz?
- Çünki rejissorlar əsasən oturub durduğu, sıx-sıx münasibətdə olduğu məşhurları layihələrinə çəkirlər. Ona görə də məni unudurlar. Hərçənd ki, mənim istedadımı görürlər.
- Yeni layihələriniz varmı?
- Təəssüf ki, hal-hazırda yeni layihələrim yoxdur. Bu səbəbdən də hələ ki, dincəlirəm.
Pərviz