Məşhur müğənni Tərlan Novxanı daha bir yeni mahnısını təqdim edib.
O, bu dəfə də tanınmış müğənni Mina Hüseynlə duet oxuyub. Sevilən ifaçılar "Həmişə" adlı yeni mahnını birlikdə səsləndiriblər.
Sözügedən mahnı kliplə birlikdə təqdim olunub. Lakin bu klip digər kliplərdən olduqca fərqlənib. Çünki klip süni intellekt tərəfindən hazırlanıb. Bəli, Tərlan Novxanı fərqli ideyadan istifadə edərək son zamanlarda bəzi həmkarlarının atdığı addımı atıb. Bu fərqli klip izləyicilərin də marağına səbəb olub.
Biz də müzakirələrə səbəb olan kliplə bağlı Tərlan Novxanı ilə əlaqə saxladıq. Sevilən müğənni Hit.az-a açıqlamasında "Həmişə" adlı klipindən danışıb:
"Bəli, Mina xanımla oxuduğumuz "Həmişə" adlı yeni duetimizi fərqli şəkildə təqdim etdik. Onu ənənəvi klip kimi olaraq çəkmədik. Bu klipimiz süni intellekt tərəfindən hazırlanıb".
Tərlan Novxanı klipin nə üçün süni intellekt tərəfindən hazırlanması ilə bağlı suala cavabında isə maraqlı etiraf edib:
"Bu suala tam səmimi cavab verəcəyəm. Əslində, nə mən, nə də Mina xanım klip çəkilişi üçün vaxt çatdıra bildik. Ona görə də belə bir iş görməyi düşündük. Yəni süni intellektlə klip ideyası belə ağlımıza gəldi. Lakin izləyicilər tərəfindən maraqla qarşılandı və kliplə bağlı müsbət mesajlar aldıq".
O, klipə nə qədər pul xərcləndiyindən də danışıb:
"Klip süni intellekt tərəfindən hazırlansa da, bunun üçün də müəyyən xərc lazımdır. "Həmişə" klipi üçün təxminən 1000 manata ərsəyə gəlib".
Pərviz