Mehriban Xanlarova Mehriban Ələkbərzadəyə görə işdən çıxır?

MAQAZİN
10:59 / 25.11.2025
38
Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə uzun müddətdir aralarında davam edən qalmaqalla bağlı açıqlama yayıb.
 
Hİt.az xəbər verir ki, ​aktrisa sosial şəbəkə hesabında etdiyi paylaşımda bəzi məqamlara da aydınlıq gətirib.
 
M.Xanlarova həm özünün, həm də digər teatr əməkdaşlarının uzun müddət mediada susmasının səbəbini Mədəniyyət Nazirliyinin onlara verdiyi vədlə əlaqələndirib:
 
"Bizə deyilmişdi ki, Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yenilənməyəcək. Buna görə mövzuya qayıtmamağımız xahiş olunmuşdu. Biz də gözlədik. Lakin məlum oldu ki, daha 6 ay vəzifəsində saxlanılıb”.
 
Aktrisa həmçinin Mehriban Ələkbərzadənin teatrın baş rejissoru olduğu halda başqa qurum üçün pul müqabilində "sənədli film” hazırlamasını tənqid edib:
 
"Baş rejissor "AzDrama” üçün deyil, AzTV üçün pul müqabilində xronologiya hazırlayır. Teatr üçün ayrılan vaxt və status niyə başqa yerə sərf edilir? Bu, rüsvayçılıqdır”.
 
Əməkdar artist bildirib ki, söz azadlığına məhdudiyyətlərlə üzləşdiyi üçün işdən çıxarılma ehtimalını gözə alaraq ərizə yazıb:
 
"Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim. İnanıram ki, birotaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvlərinə baxan məni - Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək”. 
 
Məlumat üçün bildirək ki, Akademik Milli Dram Teatrından sənətçinin ərizəsinin qəbul edilib-edilməməsi ilə bağlı hələ ki məlumat yoxdur. 
 
Qeyd edək ki, Mehriban Xanlarovanın narazılığı teatra kənar aktrisanın dəvət olunması ilə bağlı verdiyi açıqlamadan sonra gündəmə gəlmişdi. Əməkdar artist həmin müsahibəsində bunu haqsızlıq adlandıraraq kollektivdə kifayət qədər peşəkar aktrisalar olduğunu bildirmişdi.
 
0