Rüfət Nasosnu tənqidlərə cavab verdi: "Köşə yazarlarının fikri önəmli deyil"

MAQAZİN
18:48 / 12.12.2025
43

"Udmaq şansı olduğu halda səhv edib uduzmaq kənardan çox gülünc görünür. Dediyim sözün məsuliyyətini daşıyan adamam. Yəni, nə danışdığımı bilirəm. Fikirimin arxasında duran əsas məqamlardan biri klubun adı ilə bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Rüfət Nasosnu sosial şəbəkələrdə onu tənqid edənlərə cavab verərkən deyib.

Meyxanaçı 44 günlük müahribədən sonra Qarabağ adının daha da müqəddəsləşdiyini bildirib:

"Bütün Azərbaycan klubları bizimdir və doğmadır, bizi təmsil edirlər. 44 günlük müharibədən sonra Qarabağ adı bizim üçün daha da müqəddəsləşdi. Biz dünyada özümüzü millət olaraq bir daha sübut etdik. Qarabağ adına görə əzmkarlıq olmalıdır. Ona görə də səhv etmək olmaz. Udmaq şansı olduğu halda səhv edib uduzmaq kənardan çox gülünc görüür. Uduzmaq olar, lakin əzmkarlıqla oynayıb başqa nəticə əldə etmək olardı. Bizim komanda ilə düşmənçiliyimiz yoxdur. Mən Qurban Qurbanovla şəxsən tanış deyiləm. Biz nəticədən razı qalmadığımıza görə fikrimizi bu şəkildə çatdırmışıq ki, növbəti oyunlarda nəticə çıxarılsın".

Rüfət Nasosnu özünə qarşı tənqidlərə belə reaksiya verib:

"Köşə yazarlarının fikirləri mənim üçün önəmli deyil. Mən bunu reklam məqsədi ilə etməmişəm ki, kiminsə fikiri önəmli olsun. Bu mahnı deyil, kənardan bir bəstəkar desin ki, notu filan yerdə düz etməmisən. Bu yaşımıza kimi futbola baxmışıq, bilirik ki, oyun nədir. 35 ildir futbola baxıram. Onu yazanlar bəlkə də futbolu mənim qədər bilmir. Ola bilər ki, məsələyə emosional yanaşmışam. Bu da birbaşa komandanın adı ilə bağlıdır".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında "Ayaks"a 2:4 hesabı ilə uduzub.  Meyxanaçı Rüfət Nasosnu oyundan sonra komandanı sərt şəkildə tənqid edib və hətta nəticənu "ölkəyə xəyanət" kimi qiymətləndirib:

"Dünənki oyun azarkeşə, futbola və nəhayət ölkəyə xəyanət idi. Nəriman oyuna məqsədli şəkildə buraxılıb, Qurbanov bunun səbəbini açıqlamalıdır. Siz oyundan sonra yüzminlik maşınlarınızla gedəndə, milyonluq evinizdə dincələndə, biz tıxacda, yağış altında evin yolunu axtarırdıq".
 

0