"İllər boyunca müğənnilərlə çalışdım və nəticədə gördüm ki, prodüserlik çox nankor işdir. Bir işi ortalığa çıxaranda, yaxşı olanda deyirlər "ay nə gözəl", pis olanda isə "bunun bir yaxşı prodüseri olmadı" onu qabağa çəksin. Çox yoruldum bunlardan və qərara gəldim ki, daha çox öz simama üstünlük verib. Teleaparıcı, ya da aktrisa kimi fəaliyyət göstərmək niyyətindəyəm".
Hit.Az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova News24.az-ın suallarını cavablandırarkən deyib. O, hazırkı şou-biznesi belə dəyərləndirib: "Hazırda şou-biznesdə durğunluq yaşanır. Sosial şəbəkələr inkişaf etdikçə, müğənnilərin artıq prodüserə ehtiyacı qalmadı. Bəziləri özlərinə prodüser deyir, amma qətiyyən belə bir şey yoxdur. Müğənninin çantasını, diskini daşımaqla, fotosunu, videosunu çəkib "İnstagram"a qoymaqla prodüserlik olmur. Əsl prodüser müğənnini püxtələşdirməlidir və bunun da sirlərini bilməlidir. Bəzi müğənnilər xalası qızını, bacısını, oğlunu, qardaşını yanına götürüb işlədir ki, xeyir özünə qalsın, amma bu peşəkarlıq deyil. Azərbaycanda isə içi mən qarışıq kifayət qədər istedadlı prodüser var".
"Qızınız Suel Aysunun mahnılarını dinləyir, amma paylaşmasına icazə vermirsiniz, bu doğrudur?" sualına prodüserdən maraqlı cavab gəlib: "Bir dəfə Suel əlində telefon mənə yaxınlaşaraq dedi ki, Aysunun "Dilim-dilim" mahnısından xoşum gəldi, amma paylaşa bilmərəm, çünki olmaz. Mən də cavabımda dedim ki, niyə də olmasın? Mən heç vaxt qızımın musiqi zövqünə, seçiminə qarışmaram".
Təranə Səmədova illərlə danışmadığı Rəqsanə İsmayılovadan danışıb: "Nəinki Rəqsanə haqda, ümumiyyətlə məncə, heç zaman, heç vaxt demək olmaz. Bu gün deyərəm ki, heç vaxt Rəqsanə ilə barışmaram, amma sabah elə bir şey baş verər ki, üz-üzə gələrik. Düzdür, onunla barışmaq iddiasında deyiləm, Allah yolunu açıq eləsin, amma hər an, hər şey ola bilər. Mənim ona qarşı səhvim olmayıb ki, gedim üzr istəyim. O, öz səhvlərini dərk etsə, gəlsə, üz-üzə görüşsək, bəlkə nəsə ola bilər. Amma bu gün barışıb, sabah yenidən küsüşməyin də yeri yoxdur. Ürək qırıldısa, onu yenidən yerinə yapışdırmaq olmur. Amma müəyyən yaşa çatandan sonra Rəqsanənin bəzi addımlarını indi daha yaxşı anlamağa başlayıram".
Sevda Bayramova