“Vəzifəli bir məmurla söhbət edirsən ki, verəcəyin konsertin sponsoru olsun. Bilirsiniz... və başlayır müxtəlif bəhanələr gətirməyə. Bir də görürsən ki, 3-5 aydır efirə çıxan müğənni konsert vermək arzusuna düşür. Konsertinin anonsu bir gün efirdə verilən kimi ona 10 sponsor gəlir. Başa düşə bilmirəm, ya bunların prodüserləri çox güclüdür, ya da onlar məndən daha ağıllıdır. Amma mənim kimi təcrübəli müğənnilər var ki, biz kənarda qalırıq. Bu necə olur, nə etmək lazımdır? Gedib hansı müğənnidən məsləhət alım? Konsertimin ən azı texniki məsələlərini həll etmək üçün bir neçə sponsor lazımdır”.
Bu sözləri Xalq artisti Nisə Qasımova “ATV” telekanalında yayımlanan, sənət yoldaşı Roza Zərgərlinin aparıcısı olduğu “Bakı vaxtı ilə...” gecə şousunda qonaq olarkən deyib.
Rozanın “47 ildir ki, səhnədəsiniz. Bu illər ərzində xoşbəxt olmusunuz?” sualına sənətkarın reaksiyası birmənalı olmayıb:
“Heç bir insana xoşbəxtlik doğulandan sona kimi verilmir. Xoşbəxt anlar və məqamlar olur. Verdiyim konsertlərin heç birindən evə xoşbəxt qayıtmamışam. Bir var insan özü yalançıdır, bir də var ki, insanı yalana vadar edirlər. Bu Azərbaycan qızının içində qara qanlar axır. Ona toxunsan, heç bilmirəm, nələr ola bilər. Aldanmışam...
Səhnəyə gəldiyim ilk zamanlarda, pərvazlanıb uçan vaxtımda məni məhv etdilər. Yataqda ağır vəziyyətdə əlini belə qaldıra və danışa bilməyən insan səhnəyə çıxıb oxuya bilərmi? Bax, məni o anlamda vurmuşdular. Niyə, nəyə görə, nə üçün? Boynuma alıram ki, uşaq kimiyəm (ağlayır). Bu yaşda, bu başda uşaq olmuşam. Özümə deyirəm ki, artıq böyü”.
Səmimi etiraflarından qəhərə boğulub, göz yaşlarına hakim ola bilməyən Nisə Qasımova Rozadan reklamlara bağlanmağı xahiş edib.