“Nəzakət Məmmədova mənə qarşı çox nankorluq etdi. Mən onu “Lalə” qızlar ansamblına dəvət etdim, onu cəmiyyətə tanıtdım. “Leyli” obrazında oynamağı üçün vəsilə oldum. Lakin sonra o, bunu dandı, mənim adımı heç yerdə çəkmədi”.
Bu sözləri Xalq artisti Ceyran Haşımova ARB-də yayımlanan “Səhər-səhər” verilişinin əməkdar artist, mərhum müğənni Nəzakət Məmmədovaya həsr olunmuş buraxılışında qonaq olarkən deyib. O, mərhum ifaçının onun zəhmətinin yerə vurduğunu, ona qarşı haqsız davranışlarından söz açıb.
“Mən o zamanlar “Lalə” qızlar ansamblı üçün yeni sima axtarırdım. Tələbələrimin tövsiyyəsi ilə Nəzakət Məmmədovanın səsinə qulaq asdım, xarici görünüşü xoşuma gəlməsə də səsini bəyəndim və onu ansamblımda çalışmağa götürdüm. O zamanlar Asəf Zeynallı adına musiqi kollecinin 1-ci kurs tələbəsi idi. Mən Nəzakətə sərf etdiyim əməyi heç bir müğənni üçün etməmişəm. Elə tələbələrimin də ən qədrbilməzi də Nəzakət Məmmədova oldu. Məşhurlaşdıqdan sonra onu Azərbaycan radiosunda verilişə dəvət etdilər. Bir saatlıq proqram onun yaradıcılığına həsr olunmuşdu. Bu zaman ərzində o, bir dəfə də olsa nə mənim, nə də ansamblın adını çəkmədi. İnanın, bu mənə çox pis təsir etdi. Səhər məşqə gələndə, mən onu işdən çıxardım. Bu hadisə mənə çox pis təsir etdi. Ana öz doğma övladının nankorluğunu gördükdə necə məyus olursa, mən də o hissləri keçirdim, neçə gecə yata bilmədim. Məni onun haqqında verilişlərə dəvət etdikdə belə iştirak etmək istəmirəm. Sonradan məni görəndə heç salam vermək istəmirdi”,- deyə o, bildirib.
Ceyran Haşımova ondan çox incidiyinə görə, vəfat etdikdə belə yasında iştirak etmədiyini də bildirib.
“Ondan qəlbim elə sınmışdı, vəfat edəndə belə mən onun məclisində iştirak etmədim”.
Xatırladaq ki, əməkdar artist Nəzakət Məmmədova 1980-ci ildə plastik əməliyyat zamanı həkim səhvinə görə, 36 yaşında həyatını itirib.
Ölkə.Az