Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs dünya musiqisinin ən məşhur simalarından biridir. Azərbaycan əsilli sənətçi Araşdan bəhs edirik.
Araş Ləbaf – Azərbaycan əsilli isveçli müğənni, prodüser, bəstəkar.
Araş 1977-ci il aprelin 23-də İranın Tehran şəhərində doğulub. Anası əfqan əsilli olan Araşın ata tərəfinin Azərbaycan türkü olduğu bildirilir. Bakıda olarkən jurnalistlərə açıqlamasında babalarının azərbaycanlı olduğunu demişdi.
İsveçi öz vətəni kimi qəbul edən müğənninin ailəsi bu ölkəyə hələ, o, uşaqkən köçüb. Tehrandan Uppsalaya köçəndə Araşın 10 yaşı vardı. Hazırda isə Malmödə yaşayır. Müğənni və bəstəkar kimi də bu şəhərdə formalaşıb.
Araş ona dünya məşhurluğu qazandıran mahnısı “Boro boro”nu 2004-cü ildə çıxarıb. Qısa müddətdə İsveçdə ən çox oxunan mahnı Azərbaycanla yanaşı, dünyanın digər ölkələrində də ən çox dinlənilənlər sırasına daxil ola bilib.
Bir il sonra işıq üzü görən “Arash” adlı albomu həmin dövrdə ən çox alınan və dinlənilənlərdən biri olub. Araşın elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən “World” layihəsi ona zirvəyə qalxmasına ən böyük təkanı verib. Bundan başqa, müğənninin 2006-cı ildə “Crossfade”, 2014-cü ildə isə “Superman” adlı albomları yayımlanıb.
2005-ci ildə Almaniyada keçirilən beynəlxalq musiqi festivalının qalibi olan müğənni həmin il Fransada baş tutan digər beynəlxalq müsabiqədə (“İnternational Music Market”) İsveçin ən yaxşı debütant musiqiçisi seçilib. Bir il sonra isə Rusiyada “Qremmi” (“Grammys”) mükafatını qazanıb.
2009-cu ildə Moskvada keçirilən Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə ilə “Always” adlı mahnını ifa edən Araş səhnədə Azərbaycanı təmsil edib. Azərbaycan təmsilçiləri müsabiqədə Norveç və İslandiyadan sonra üçüncü yeri tutub.
2011-ci ilin mayında Araş uzun müddət sevgili olduğu Bəhnaz Ənsari ilə Dubayda (BƏƏ) ailə qurub.
Uşaqlıqdan basketbolla maraqlanan sənətçi şlyapa kolleksiyası toplayır.