Danışmaqla düzələcəksə, hər gün danışaram - Nura Suri

MAQAZİN
20:22 / 07.07.2020
2006

"İnsanların bu qədər evdə oturması, işsiz qalması yaxşı deyil. İcazələr birdən-birə ləğv edilir. Bunu əvvəlcədən demək olardı. Camaat yatıb-durur bir xəbərlə oyanır. Hamı stress içindədir, əsəblərimiz gərgindir. Bir həyatdan, başqasına keçmişik. Komfortumuzu itirmişik".

HİT.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Nura Suri deyib. Sənətçi pandemiya dövründə insanların yaşadığı çətinliklərdən bəhs edib:

"Sağlam insanları evdə otuzdurub, bir-birindən ayırmağı başa düşmürəm. Həkimlər də təsdiq edər ki, insan immuniteti bir-biri ilə ünsiyyətdə güclənir. Təmiz hava və günəş şüası, dəniz havası immuniteti gücləndirir. Vitamin D-ni həm də günəşdən alır insan. 

Üç övlad böyütmüşəm, bunu yaxşı bilirəm. Məktəbdən əvvəl uşağı bağçaya qoyuruq ki, immuniteti güclənsin, böyük kütlə ilə qarşılaşanda güclü olsun. Sabah başqa fəsadlar ortaya çıxacaq axı. Bunları düşündükcə narahat oluram.

İnsanların qapısını döyüb, evindən çıxarıb cərimələyirlər. Şəxsi bağ evində 5 nəfərlə ad günü edir, çəkib ictimailəşdirirlər. Üzlərini bağlasınlar heç olmasa. Bəziləri rayonda bağ tutub, oturub həyətdə rahat nəfəs almaq istəyirlər. Onları şəhərə qaytarıb, cərimə yazmaq nədir? Niyə axı? Həmin bölgə karantində olan siyahıda deyil heç. Bunları beynim həzm etmir".

N.Suri bildirib ki, insanlar son günlər bir-birinə qarşı çox aqresiv olublar: 

"Pandemiya başlayanda insanların bir-biri ilə gözəl ünsiyyəti var idi. Hamı imkansıza yardım edirdi. İndi isə hamıda bir-birinə qıcıq yaranıb. Polisdə işləyən də bizim millətin üzvü, ananın övladıdır, adi biri də... Bir-birimizi didirik, hörmət etmirik, sosial şəbəkədə nələr görürük. Bunlar insanlarda qorxu və stress yaradır".

Sənətçi insanlara immuniteti gücləndirmək üçün məsləhətlər də verib:

"Hər zaman bu haqda status yazıb, müsahibə vermişəm. Təbii məhsuldan istifadə edin. Uşaq olanda nə qədər xəstəliklər keçirmişik: qızılca, donuz (svinka), suçiçəyi... Ölməmişik, immunitetimiz güclənib. İnsanlar virusla yaşamağı öyrənir. Əvvəl adamlar suçiçəyindən ölürdü, bu gün ondan sağalırıq.  Yayda meyvələr daha çox olur. Özüm nə qədər təbii meyvələr dondurub qışa saxlayıram. Niyə hamı dərmanlı meyvə, tərəvəz arxasınca qaçır. Sonra da deyir immunitetim yoxdur.

Hər gün limon, nanə, şalfey və zəncəfildən istifadə edin, dəmləyib için. Eyvanımda dibçəkdə nanə-cövhər yetişdirirəm. Onu dəmləyib içirəm. İdman edirəm, bol su içirəm.

Oxuyub öyrənsinlər, mən də nənəmin etdiklərindən, internətdən məlumat almışam. İnsanlar niyə belə edirlər?
Hər yerdə yemək yemərəm, nə yediyimə diqqət edirəm. İnsan özünü sevməli, qorumalıdır. Səhər yuxudan oyananda günortaya qədər su içirəm, ya da qəhvə. Qəhvəyə isə ədviyyatlar atıram. Evdə övladıma da ədviyyatlar içirdirəm, çaya qatıram. Bu gün orqanizm üçün ən xeyirlisi vitamin D və C-dir.

Mövsüm meyvələri, giləmeyvələr çox yemək lazımdır. Amma hamı alıb yeyə bilmir, çünki süni qiymət artımı var. Moruğun kiloqramını 8 manata qaldırıblar. Danışmaqla bu problemlər düzələcəksə, hər gün danışaram. Çalışıb immunitetimizi bu cür təbii vasitələrlə qaldıraq.

Canlılar təbiətdə bitən bitkilərlə özlərini müalicə edirlər. Biz də nənələrimizdən eşitmişik, görmüşük. Bitkilərdən çox istifadə etmək məsləhətdir. Bölgələrdən alın təbii məhsulları, həm də onlara maddi dəstək olmuş olarsız. Bir-birimizə hörmət edək. Hər şeyə özümüzə hörmətdən başlayaq".

0