"İlin bütün fəsillərində göbələkdən zəhərlənmə halları müşahidə olunur. Lakin isti aylarda buna daha çox rast gəlinir".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, bunun əsas səbəblərindən biri göbələyin zülal mənşəli qida olmasıdır:
"Xüsusilə də göbələk bişiriləndə mütləq şəkildə təmiz yuyulmalı və istehlak edəcəyiniz qədər bişirlməlidir. Eyni zamanda, göbələk təkrar isidilməyə məruz qalmamalıdır. Ümumiyyətlə, bişirildikdən sonra açıq havada və ya otaq temperaturunda həmin göbələyin tərkibində bakteriyalar və mikroorqanizmlər çoxalır. Hansı ki, onlar insan orqanizmində zəhərlənməyə səbəb olur. Digər bir səbəb isə insanların özlərinin şüursuz şəkildə meşədə, təbiətdə rast gəldikləri göbələkləri bişirməsi və yeməsidir. Bu, çox təhlükəlidir. Çünki zəhərli göbələklərlə, zəhərli olmayan göbələklər bəzən bir-birindən fərqlənmirlər. Göbələyin tərkibində öldürücü maddələr var ki, bunlar birbaşa olaraq qəbul olunduğu halda qaraciyəri və böyrəyi çürüdə bilir. Bu, dərhal təsir edir və hətta ölümcül reaksiyalara qədər gətirib çıxara bilir. Bu da dünyada hər il yüzminlərlə insanın həyatını itirməsinə səbəb olur".
Mütəxəssis vətəndaşlara göbələklərlə bağlı xəbərdarlıq edib:
"Yaxşı olar ki, açıq havada göbələk yığıb, istifadə etməsinlər. Bəzən rəngli göbələklər zəhərli hesab olunsa da, rəngli olmayan və yeməli növlərə oxşayan zəhərli göbələklərə də rast gəlmək mümkündür. Onları da yığmaq olmaz. Ümumiyyətlə, bilmədiyiniz və mənşəyi bəlli olmayan yerdən aldığınız göbələklərdən istifadə etməyiniz tövsiyə olunmur".
Həmsöhbətimiz göbələk zəhərlənməsinin səbəblərindən də danışıb:
"Bəzi insanlarda hər hansısa qidaya və yaxud da qida maddəsinə qarşı həssaslıq, allergiya mövcud olur. Nəzərə almaq lazımdır ki, göbələk də həssas qidalar siyahısındadır. Yəni bəzi insanlar göbələk qəbul etdikdən sonra zəhərlənmə əlamətləri ortaya çıxır. Amma bu, hər insanda fərqli ola bilər. Bəzilərində yarım saatda ortaya çıxdığı halda, bəzilərində isə 5 gün və ya 1 həftəyə qədər davam edə bilər".
Məhsəti Hüseynova göbələk zəhərlənməsinin əlamətlərindən də söz açıb:
"Əsasən ürəkbulanma, göz bəbəklərinin böyüməsi, qusma və ishalla nəticələnir. Belə olan halda heç bir müdaxilə etmədən dərhal həkimə getmək lazımdır. Maye qəbul edərək həkimə qədərki zamanda qusmanı təmin etmək olar. Bununla da zəhər orqanizmdən atıla bilər.
Bilib-bilmədən hər hansısa zəhərlənmə əleyhinə və yaxud da digər vasitələrdən istifadə etməməlidirlər. Çünki bu da orqanizmdə reaksiyalara səbəb olaraq, təhlükəli nəticələrə gətirib çıxara bilər. Ümumiyyətlə, mağazalardan da göbələk alarkən mütləq diqqət etmək lazımdır ki, onların saxlanma şəraiti düzgün və sərin yerdə olsun. Göbələk quru yerdə saxlanmalı və qablaşdırmada onun müddəti göstərilməlidir. Həmçinin, həmin şirkətin məlumatları da olmalıdır ki, hər hansısa xoşagəlməz bir hal baş verdikdə şikayət edəcəkləri ünvanı bilsinlər. Evdə də saxlama şəraitləri uyğun deyilsə, çox miqdarda göbələyin alınması tövsiyə olunmur”.
Pərviz