"Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq insanlar daha çox hərəkətsiz oturur və qəbul etdikləri qidaları enerjiyə çevirmirlər".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a müsahibəsində deyib.
İştahsızlığın yaranmasının səbəblərini müzakirə etdiyimiz geniş müsahibəni təqdim edirik:
- Məhsəti xanım, insanlar nə üçün daha çox yay aylarında iştahsız olurlar?
- İsti hava səbəbindən çoxlu su içmək də bəzən iştahsızlıq və yemək yeməkdən imtina etməklə nəticələnir. Hətta acsalar da, yemək yemək istəmirlər. Bu zaman orqanizmdə maddələr mübadiləsinin sürəti zəifləyir, eyni zamanda vitamin və mineral çatışmazlığı baş verir. Belə olan halda isə insanlar gün ərzində özlərini enerjisiz, yorğun, yuxusuz, halsız və iştahsız hiss edirlər. Bu isə zaman-zaman metabolizmanın aşağı düşməsinə və orqanizmdə digər fəsadlara yol açır.
- Həmin fəsalar nələrdir?
- Qəbzlik olur, eləcə də qəbul olan hansısa qida və ya içkidən sonra mədədə şişkinlik və köp yaranır. Həmçinin, qarın nahiyəsində ağrı və həzmsizlik problemləri də özünü biruzə verir. Eyni zamanda, insanların aqressiv və yerli-yersiz əsəbi olmaları da müşahidə olunur. Saç tökülməsi, dırnaq qırılması və dəridə səpkilərin yaranması da fəsadlar sırasındadır. Bunlar birbaşa olaraq düzgün miqdarda qida qəbulunun olmaması ilə bağlıdır. Bu, xüsusilə 25 yaşa qədər olan insanların orqanizminə və yetkinlik dövründə olanlarda daha ciddi fəsadlara yol açır. Çünki orqanizm bu dövrdə hər an inkişaf prosesindədir. Qida qəbulu düzgün olmadıqa, vitaminlər və minerallar düzgün qəbul olunmadıqda orqanizmin fiziki və əqli inkişafı yavaşlayır. Bu da bir çox hallarda daxili orqanların da düzgün inkişaf etməməsinə səbəb olur.
- Bəs iştahsızlıq uşaqlarda olduqda nə etmək lazımdır?
- Əgər iştahsızlıq uşaqlarda və yetiyetmələrdədirsə, onlara sevmədiyi qidaları yeməyə məcbur etməmək lazımdır. Daha çox sevdikləri və tez həzm olunan qidaları az-az, və yaxud da 1-2 saatdan bir təklif etmək tövsiyə olunur. Həmçinin, onların təmiz havada olmalarını da təmin etmək lazımdır ki, həm hərəkətlilik, həm də oksigen qəbulunu daha çox enerjiyə çevirə bilsinlər. Çünki bu, birbaşa olaraq insanlarda aclıq hissinin yaranmasına və qida istəyinə gətirib çıxarır.
Ümumiyyətlə, uşaqlar bəzən həddindən artıq hərəkətli olduğu və tərləməyə məruz qaldığı üçün çoxlu su qəbul edirlər. Bu isə həmişə orqanizmdə kifayət qədər su xaric olmasına səbəb olmur. Hətta bəzən şişkinlik və mayenin orqanizmdə yığılıb qalmasına gətirib çıxarır. Bu da öz növbəsində iştahsızlığı yaradır. Yəni mütləq şəkildə qəbul olunan maye miqdarına da diqqət etmək lazımdır.
- Bəziləri suyun iştah verdiyini, bəziləri isə kəsdiyini düşünür. Əslində necədir?
- Yeməklə birlikdə və ya yeməkdən çox əvvəl az miqdarda da su qəbul olunmamalıdır. Hətta qazlı içki, kompot, ayran kimi içkilərin yeməkdən qabaq və ya yeməklə birlikdə içilməsinə icazə verilməməlidir. Çünki onlar mədənin dolmasına səbəb olaraq, yalançı doyumluluq hissi yaradır.
Yaxşı olardı ki, böyüklər də vitamin və mineralların əksik olmaması üçün mövsümü meyvə-tərəvəzlərdən istifadə etsinlər. Həmçinin, asan həzm olunan salatlardan da istifadə etmək lazımdır.
- Maraqlıdır, hansı yeməklər iştahsızlıq yaradır?
- Ümumiyyətlə, soyutma və manqalda bişirilən qidalardan yemək lazımdır. Yağda qızardılmış, qovrulmuş və ağır həzm olunan qidalara yer vermək olmaz. Eyni zamanda paxlalılardan noxud və mərci orqanizmin vitamin və mineral ehtiyacını təmin edir. Bu, həm də orqanizmdə mədə-bağırsaq həzm sistemini təmizləyərək iştahın açılmasına da kömək edir.
- Bəs iştah gətirmək üçün hansı qidaları qəbul etməyi tövsiyə edirsiniz?
- Bəzən yeməklərdə istifadə olunan ədviyyatlardan da kömək ala bilərik. Birinci növbədə darçın, nanə və zəncəfil kimi ədviyyatlardan istifadə etmək olar. Həmçinin, çox acı olmayan bibərdən də istifadə etmək mümkündür. Yeməklərimizdə bəzən qaya və yaxud da Himalay duzundan da bir miqdar istifadə etməyimiz qan şəkərindəki balansı təmin edir.
Mütləq şəkildə yay mövsümündə olan meyvələrdən də istifadə etmək lazımdır. Onların ən önəmlisi əncirdir. Onu səhər saatlarında qəbul etmək orqanizmə gün ərzində lazım olan vitamin və mineralın demək olar ki, 80-90 faizini təmin edir. Həmçinin, kök və kartofdan da istifadə etmək daha faydalıdır. Onların da qlisemik indeksi yüksəkdir. Karbohidrat tərkibli olduqları üçün orqanizmdə iştahsızlıqdan səbəb olan çəki itirməyin də qarşısını ala bilər.
- Son olaraq, yuxu rejiminin iştahsızlığa hər hansısa bir təsiri var?
- Bəli. Yuxu rejimimizi də qaydaya salmalıyıq. Gecə saat 11-dən (red. 23:00) sonra yatmaq sağlam yuxu hesab olunur. Gecə gec saatlara qədər oyaq qalan insanlarda isə iştah sistemi demək olar ki, pozulur. Bu zaman artıq gec saatlarında yemək və günün erkən saatlarında yatmaq orqanizmdə ciddi fəsadlara, erkən qocalmağa və daxili orqanların funksiyalarının pozulmasına gətirib çıxarır.
Pərviz