6 min dollarla Silikon Vadisində iş quran azərbaycanlı - “Green card”la başlayan uğur hekayəsi

MARAQLI
11:51 / 12.08.2023
765
Dostu "Green card” udub Amerikaya köçür. Həmin dostu ilə ənənəvi olaraq hər həftə stolüstü tennis oynayırmışlar. Dostu ölkəni tərk edəndə, zarafatla deyir ki, Amerikaya gələcəm, orada da tennis oynayarıq. Həmin il o da "Green card”a müraciət edir və ilk cəhdində qazanır. 2018-ci ildən Amerikadadır. Getdikdən qısa müddət sonra Amerikada havalandırma sistemləri təmizliyi şirkəti olan "Duct Pros”u qurur. Söhbət azərbaycanlı Rəsul Qədirovdan gedir. Bir neçə günlük Bakıya gələn Rəsul Qədirov valyuta.az-ın qonağı oldu.

- Rəsul bəy, Amerikaya köçməmişdən öncəki fəaliyyətiniz nədən ibarət idi?

- Qəbələnin Bum kəndində təhsil almışam, əlaçı şagird olmuşam. Atam uzun müddət Vergilər Nazirliyində işləyib. Ailədə olan iqtisadi mühit məni də bu sahəyə yönləndirdi. Məktəbi bitirəndən sonra İqtisad Universitetinin beynəlxalq iqtisadi əlaqələr ixtisasına qəbul olmuşam. Bakalavr təhsilimi başa vurandan sonra 2010-2011-ci illərdə "Azpromo”da biznesə dəstək və investisiya şöbəsində mütəxəssis kimi çalışmışam. 2011-2013-cü illərdə Xaricdə təhsil üzrə dövlət proqramı ilə Almaniyanın Bremen Universitetində MBA (turizm) üzrə dövlət proqramı ilə təhsil aldım. 2014-2018-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında (indiki İqtisadi Zonaların İnkişafı Agentliyi) çalışmışam. 2018-ci ilin aprelində isə "Green card”la Amerikaya gəldim.



"8-9 min dollarla gəlmişdim”

- Təhsil üçün Almaniyaya getmisiniz, amma bu ölkədə qalmamısınız. Niyə geri döndünüz?

- Almaniyanın həm havası, həm də insanları soyuqdur, ona görə orada qalmaq haqqında heç düşünmədim. Eyni zamanda mən dövlət proqramı ilə təhsil almışdım. Proqramın şərtlərinə görə, geri dönüb ölkədə çalışmalı idim. Ümumiyyətlə, Almaniya yaşamaq istədiyim ölkə deyildi. 

- Bəs Amerika yaşamaq istədiyiniz ölkə idi?

- Əslində "Green card”a müraciət etməyimin maraqlı tarixçəsi var. Kamran adlı dostum var. Hazırda Bostonda yaşayır. O, 2017-ci ildə "Green card” udub Amerikaya köçdü. Biz onunla ənənəvi olaraq hər həftə stolüstü tennis oyanırdıq. O, Amerikaya köçəndə, zarafat etdim ki, Amerikaya gələcəm, orada tennisə davam edərik. Həmin il mən də "Green card”a müraciət etdim və ilk cəhddə uddum. 2018-ci ildə Amerikaya köçdüm.

- Dostunuzla tennis oynamağa davam edirsiniz?

- (Gülür) Mən ilk olaraq Pensilvaniya ştatının Filadelfiya şəhərinə gəldim. Sonra dostumun yanına Bostona getdim, tennis oynadıq. Şərq tərəfi sevmədim. 2018-ci ilin iyul ayında Kaliforniya ştatının Silikon vadisindəki San-Xose şəhərinə köçdüm və orada yaşamağa davam etdim. Davamlı oynaya bilməsək də, o zarafatım reallaşdı.
 

 
- Amerikaya nə qədər maliyyə ilə getdiniz?

- 8-9 min dollarla gəlmişdim. İlk vaxtlar pulun çoxu xərcləndi. Ev kirayəsi, birinci aydan əlavə depozit ödənişi və s. xeyli xərc apardı. Bir də baxdım ki elə də pulum qalmayıb. 3 ay harada yaşamaq istədiyimə qərar vermək üçün Amerikanı kəşf etməyə zaman sərf etdim. İşlərə baxırdım, amma ciddi iş axtardığımı deməzdim. Kaliforniyaya köçdükdən sonra artıq ciddi şəkildə iş axtardım. Amerika təcrübəsi olmadığı üçün istədiyin işə qəbul olmaq çox çətin idi. Azərbaycanda və Almaniyada aldığım diplomlar kömək etmirdi. Ona görə hardansa başlamaq lazım idi. 2 aylıq axtarışdan sonra bir avtomobil dilerində satış işi tapdım. Maşınları ucuz qiymətə alıb təmir edib satırdıq. 7-8 ay orada işlədim. Sonra oradan ayrılıb öz biznesimi qurmaq haqqında qərar verdim.

"Amerikada maraqlı adlar uğur qazanır”

- İş tapmadığınız dönəmdə, geri dönmək haqqında düşündünüz?

- Silikon Vadisinə köçəndə oradakı potensialı görürdüm. Hiss edirdim ki, bu ərazidə uğurlu olacam. O güvən məndə yaranmışdı. Çətinliklər oldu, amma bacaracağıma inamım çox idi. Geri dönmək haqqında fikirləşmirdim.

- Amerikaya getdikdən qısa müddət sonra öz işinizi qurmusunuz. Maraqlıdır, Azərbaycanda hər hansı biznes cəhdiniz olmuşdu?

- Şəxsi biznes fəaliyyətim olmayıb. Atam bir müddət Almaniyadan kombi gətirib satmaq işi ilə məşğul olurdu. Mən başqa yerdə işləyirdim. Atamın biznesinə dəstək olmaq üçün "Facebook” və "İnstagram”da reklamlar edirdim. Atama kömək etdiyim müddətdə başa düşdüm ki, gələcəkdə özümü hansısa şirkətdə uzun müddət çalışan biri kimi görmürəm, öz biznesimin sahibi olmalıyam. Sumqayıt Kimya Sənayesi Parkında işləyəndə çox görüşlərdə, biznes forumlarda iştirak edirdim. Azərbaycan-Almaniya, Azərbaycan-ABŞ, Azərbaycan-İtaliya və s. Həmin biznes görüşlərdə daha çox təqdimat edirdim. Reklam edərək Sumqayıt Kimya Sənayesi Parkına investisiya cəlb etməyə çalışırdım. Bununla müəyyən biznes təfəkkürü yaranmağa başlayırdı. Xarici iş adamları ilə görüşdükcə çox məlumat toplayırdım. Şüuraltı olaraq artıq biznes fəaliyyətinə başlamağa qərar vermişdim. Amerikaya getməsəydim, Azərbaycanda biznes quracaqdım.
 


- Amerikada biznesə necə başladınız?

- İstədiyim tikinti sektoru idi, ancaq başa düşürdüm ki, ona yüksək maliyyə, daha çox zaman, xeyli sənəd və s. lazımdır. Ona görə, ümumi biznesləri araşdırdım. Hansı biznesdə özümü görürəm, kiçik investisiya ilə hansı biznesə başlaya bilərəm, hansı bizneslərdə məndən daha çox sənəd istəməyəcəklər kimi suallara cavab taparaq seçim etməyə çalışırdım. 2019-cu ildə baca təmizləmə işinə başlamaq qərarı verdim. Baca təmizləmə işi Silikon Vadisində çox məşhurdur. Bir xidmətimiz isə paltar qurudan aparatın borusunun təmizliyi işi oldu. O boru müəyyən vaxtdan bir tutulur. Bu iki təmizlik xidmətini göstərmək üçün lazım olan alətlər o qədər də baha deyildi. Həm də elə xidmət sahələrini seçdim ki, onu özüm də edə bilim. Təcrübəm yox idi. Prosesin necə olduğunu öyrənmək üçün bir şirkətə işçi kimi 2 gün təcrübəyə getdim. 3-cü gün artıq "Duct Pros” şirkətini yaratdım (gülür). "Duct” boru deməkdir, "pros” professional sözünün qısa mənasıdır. Amerikada maraqlı adlar uğur qazanır. 2019-cu ilin noyabr ayından işə başlamışıq. 

"5500 dollarla başladım”

- Az maliyyə ilə başlaya biləcəyiniz iş axtardığınızı dediniz. Nə qədər investisiya ilə başladınız?

- Təxminən 5500 dollarla başladım. 3500-4000 dollarını avtomobilə sərf etdim. 1000 dolları da bütün avadanlıq və sənədləşməyə xərclədim.


- İlk olaraq hər işi özünüz görürdünüz?

- Bəli, heç bir əməkdaş yox idi. Bir həftə-on gün tək işlədim. Həm rəhbər idim, həm də baca, paltar qurutma aparatının təmizliyi işini edirdim. Məqsəd real müştərilərlə işləmək, o təcrübəni də görmək idi. Bilirdim ki, o işi böyüdəcəm. Texniki işi bilməli idim ki, işçi götürəndə, onu başa düşə bilim, çətinliklərdən, prosesdən məlumatlı olum.

İlk günlər o düşüncədə oldum ki, özüm işləyirəm, gəlir də özümə qalır, işçi götürməyim. Bir gün ayağım əzildi, işləyə bilmədim. Onda anladım ki, mütləq işçi lazımdır. Bir dostumu da dəvət etdim. Sonra iş artdıqca başqa şəxsləri də cəlb etdim.
 


- Amerikada xidmət sektorunda bir şirkətin bazara daxil olması, müştəri tapması necə oldu?

- İlk olaraq "İnstagram” və "Facebook”da reklam etməyə başladım. Ən böyük səhvim o oldu. Azərbaycanda biznes açanda, bu sosial şəbəkələrdə səhifə açmalısan, Amerikada elə deyilmiş. Çox pul xərclədim, nəticə olmadı. İşlədikdə Amerikadakı biznes psixologiyasını daha yaxşı başa düşməyə başladım. Araşdırdım ki, Amerikada servis şirkətlərini müştərilər haradan tapırlar? İşlədikcə insanlardan soruşurdum ki, məni hardan tapdınız, şirkət lazım olanda, hansı platformaya baxırsınız və s. O platformalara qoşuldum. Amerikada xidmət sektorunun olduğu müxtəlif saytlar var. Şirkətlər orada qeydiyyatdan keçirlər, müştərilər də xidmətləri oradan seçirlər. Xidməti alan müştərilər də orada şirkətləri ulduzla qiymətləndirirlər, rəy yazırlar.

- O zaman səhv edə-edə Amerikanın biznes mühitinə düşmüsünüz.

- Bəli. Məsələn, bazara aşağı qiymətlə daxil olmuşdum, nəticə uğursuz oldu. Aşağı qiyməti amerikanlar qəbul etmədi, mən də qiymətləri artırdım.

- Nə qədər aşağı qiymət təyin etmişdiniz? Nə qədər artırdınız?

- Məsələn, 299 dollara təklif edirdik, sonra 499 dollar etdik. 169 dollara olan xidmətimiz 199-240 dollar arası dəyişdi. 30-50 faiz arası artırdıq. Bəzi xidmətlərdə qiymət 2 dəfə artdı. İndi qiymətlərimiz rəqiblərimizin bir çoxundan bahadır. 

Amerikanın biznesə dəstəyi

- Amerikalılar niyə ucuz xidmətə maraq göstərmirlər?

- Qorxurlar. Ölkə böyükdür, kriminal hadisələr baş verir. Evlərinə gələn şirkətin reputasiyasına, polisdən arayışı olub-olmadığına baxırlar, haqqında rəyləri oxuyurlar. İlk vaxtlar xidmət platformasında bizim şirkətə hər hansı rəy yazılmamışdı. Dost-tanışa dedim ki, rəy yazsınlar. Yazdılar, amma orada güclü süni intellekt alqoritmi var, real müştəri rəyi olmadığını müəyyənləşdirib o rəyləri sildi. İlk müştəridən 5 ulduz aldım, sonra müştərilər artdıqca real rəylər yazıldı. 2020-ci ilin yanvarına – koronavirus pandemiyası başlayana qədər hər şey yaxşı gedirdi.
 


- Pandemiya vaxtı işiniz dayandı?

- Mən Azərbaycanda idim, amma Amerikada bir əməkdaşımız var idi, o işləyirdi. Pandemiyanın güclü vaxtı olanda, qorxdu və işləmədi. 5 ay sonra mən çarter reyslə Amerikaya qayıtdım. Heç bir komanda yox idi. Özüm işləməyə başladım. Reklama daha çox pul xərclədim, biznesi daha da təkmilləşdirdim.

- Əlinizdə yenidən başlamaq üçün vəsait var idi?

- Şirkəti yeni yaratsam da, Amerika dövləti pandemiya dövründə mənə böyük maliyyə yardımı göstərdi. İşləmədiyim vaxtlarda ayda 3500-4000 dollar yardım edirdilər. Çünki biznes tam dayanmışdı. Həmin vaxt Azərbaycana qayıtsam da, yenə də biznesə dəstək olurdu. Biznesə bağışlanan kredit verilirdi. Müraciət etdik, 20 min dollar aldıq, 15 min dolları bağışlanan idi. Amerika dövləti onu bizdən geri istəmədi. Avadanlıqlar aldım, biznes üçün imkanlar yaratdım və yenidən şirkəti aktivləşdirdim, xidmət sahəmizə əlavələr etdim. Havalandırma sisteminin təmizliyi işini də görürük. O işi görmək üçün lisenziya imtahanına hazırlaşdım, lisenziyanı biznesim üçün aldım. Baca təmirinə də başlamışıq. Evlərdə rəngləmə kimi yüngül tikinti işlərini də görürük. Hazırda 5-7 əməkdaşla işlərimizdə davam edirik. Hamısı azərbaycanlılardır. Dost şirkətlərdən biri ilə partnyor olmuşuq. Onun müəyyən payı məndədir.

Amerikada "Müştəri haqlıdır” yanaşmasının gücü

- Şirkətin hazırkı gəliri necədir?

- 2019-cu ildə yeni başladığımız dönəmdə 10 min dollara yaxın satış olurdu. İndi aylıq 50-80 min dollar satış olur. Aylara görə dəyişə bilir.

- Xidmət alan şəxslərdən danışaq. Yanaşmaları, istəkləri necədir?

- Amerikada hər ölkədən insanlar var, ona görə fərqli təcrübələr görə bilərik. Məsələn, asiyalılar işçilərin başının üstündə dayanacaqlar. Amerikanlar heç nəyə qarışmırlar. Evin açarını verib çıxıb gedirlər. Reputasiyası olan şirkət seçirlər, sonra arxayın olurlar. Amerikada biznesin uğurlu olma səbəblərindən biri "müştəri haqlıdır” yanaşmasını tətbiq etməkdir. "Xidmət səviyyəmiz xoşunuza gəlməsə, bütün pulu geri qaytararıq” yanaşması ilə daha çox uğur qazandım. Komanda işləyir, əgər xırda da olsa nəyisə təmizləməyi unudurlarsa, ödədiyi pulu müştəriyə geri verirəm. Çox vaxt işçinin xəbəri də olmur. Ciddi məsələdirsə, işçilərə deyirəm diqqətli olun. Amma insandır, yorğunluqdan xırda nəyisə unuda da bilər.

- Yəni Amerika bazarında qalmaq elə də asan deyil.

- Rəqabətli bazardır, davamlı aktiv olmalı, düşünməli, nələrsə etməlisən. Bəzən həftəsonu endirimləri edirik, avqust ayında paket proqramı fikirləşirik. İki müştəri bir yerdə müraciət edirsə, endirim olacaq və s. deyirik. Mövsümə görə iş az olanda, reklama daha çox maliyyə yatırmaqla balansı qorumaq olur. 
0