Ailələrdəki fikir ayrılıqlarına səbəb nədir? - Psixoloq AÇIQLADI

MARAQLI
14:45 / 15.08.2023
832

Ailələrin dağılmasının əsas səbəblərindən biri də cütlüklər arasındakı fikir ayrılıqlarıdır.

Fikirləri və düşüncə tərzləri bir-birinə uyğun gəlməyən insanlar uzun müddət eyni evin içində yaşamağı bacarmırlar. Nəticədə isə boşanmalar artır. Statistikalar göstərir ki, evliliklərin bitmə səbəblərindən ən çox rast gəlinəni məhz fikir ayrılıqlarıdır. Xüsusilə son zamanlarda buna daha çox rast gəlirik.

Bəs son zamanlarda ailələr arasındakı fikir ayrılıqlarının artmasının əsas səbəbləri nələrdir?

Psixoloq Vəfa Əkbər HİT.az-a açıqlamasında bildirib ki, əslində ailələr arasındakı fikir ayrılıqları əvvəldən bəri var idi:

331930

"Sadəcə tərəflər son zamanlarda onu daha çox dilə gətirirməyə başlayıblar. Əvvəllər bunun adı dözümlülük və ya hünər idi, hətta insanlar öz həyatlarını qurban verirdilər. Nəticədə isə həmin insanlar yaşlananda nevroz və ya digər xəstəliklərdən əziyyət çəkirdilər. Amma indi isə insanların gündəlik məişət problemləri, texnologiyanın bu qədər inkişaf etdiyi dövrdə düşüncələri və yanaşmaları daha fərqli olub. Təbii ki, səbirsizlik də bir qədər artıb. Ona görə də insanlar artıq nəyəsə səbr etməyi, dözməyi və özlərindən pay verməyi hünər hesab etmirlər".

Psixoloq düşünür ki, əvvəllər də insanlar özlərinə bu qədər diqqət yetirsəydi və qarşı tərəfi güzəştə çağırsaydı, bu gün gənclər belə əziyyətlər çəkməzdilər:

"Bu gün gənclər təzyiq altındadır və dözə bilmirlər. Bəzən isə nələrəsə dözməyə məcbur qalırlar. Sonunda isə panik atakdan, təşviş pozuntularından və obsessiyadan əziyyət çəkirlər. Həmçinin, onların həyatlarının istədikləri kimi getməməsi də nələrsə məcbur qalmalarından dolayıdır. Çünki onlar eyni zamanda yaşamalı olduqları həyatı da görüb müqayisə edə bilirlər".

Pərviz

0