"Meyvə-tərəvəzlərin tərkibi vitamin və minerallarla bol olduğu üçün yerli və mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək lazımdır".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, təbii halda yetişən meyvə-tərəvəzlər orqanizm üçün lazım olan qida dəyərinin zənginliyini təmin edə bilir:
"Əks halda, süni şəkildə yetişdirilmiş və mövsümündə olmayan meyvə-tərəvəzləri qəbul etdikdə insan orqanizminə heç bir qida dəyəri olmur. Sadəcə olaraq, lifli, kimyəvi maddələrdən orqanizm üçün zərərli olan bir çox dərmanlardan, eyni zamanda süni şəkildə istixanalarda yetişdirilmiş meyvə-tərəvəzlər bir çox hallarda həzm sistemində problemlərin yaranmasına səbəb olur. Bunlar isə mədədə ağırlığa, şişkinliyə və kəskin allergiyalara gətirib çıxarır. Bəzən də bütün bunlar təhlükəli xəstəliyə səbəb ola bilər".
Ekspert vurğulayıb ki, bəzən mövsümündə olmayan meyvə-tərəvəzləri konservləşdirilmiş və yaxud da dondurulmuş şəkildə digər mövsüm üçün saxlayırlar:
"Bu da tamamilə yolverilməzdir. Təbii şəraitdə yetişdirilmədiyi üçün onların tərkibində yetişməni sürətləndirən nitratlardan daha çox istifadə olunur. Bu isə müəyyən bir vaxtdan sonra qidanın tərkibində kimyəvi dəyişmələrə səbəb olur.
Belə qidaları qəbul etdikdə insanlarda birinci növbədə bağırsaq mikroflorası pozulur. Bununla yanaşı, qusmaya və ishala da səbəb olur. Bu isə birbaşa olaraq orqanizmdəki vitamin və mineralların azalmasına, həm də orqanizmin susuzlaşmasına gətirib çıxarır. Belə meyvə-tərəvəzləri qəbul etdikdə qanda toxumalara zərər verən methemoqlobinə çevrilir və hüceyrələrin məhv olması ilə nəticələnir. Demək olar ki, belə qidaları qəbul etdikdən sonra orqanizmdə konserogen maddələr də yaranır".
Mütəxəssis kimlərə mövsümündə olmayan qidaları yeməyin daha çox zərərli olduğundan da danışıb:
"Belə meyvə-tərəvəzlər azyaşlı uşaqlara, hamilə və süd verən qadınlara qətiyyən olmaz. Həmçinin, yaşlı insanlar və xroniki xəstəlikləri olan şəxslərə də belə qidaları qəbul etsələr, xəstəlikləri daha da kəskinləşəcək. Ona görə də mütləq şəkildə mövsümündə olmayan meyvə-tərəvəzlərdən istifadə etmək tövsiyə olunmur.
Üstəlik, həmin meyvə-tərəvəzlər xaricdən gətirilirsə, bu zaman da onlar kal şəkildə dərilir və uzun müddət yol qət edərkən xarab olmaması üçün tərkibinə və meyvə-tərəvəzin səthinə kimyəvi dərmanlar vurulur. Bunlar isə yuyulduqda və ya qabığı soyulanda getmir. Belə olan halda da orqanizmə öz zərərlərini vurmuş olurlar".
Pərviz