"Təzyiq problemi olan insanlar qidalanma rejiminə və aktiv həyat tərzinə diqqət etməlidirlər".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, düzgün qidalardan istifadə edən və aktiv həyat tərzi keçirən insanlar demək olar ki, təzyiq problemi ilə üzləşmirlər:
"İlk növbədə səhər yeməyinin qəbul edilməsi məsləhət görülür. Çünki səhər yeməyi qəbul edən insanlarda maddələr mübadiləsi normal olur, habelə metabolizmanın sürəti də orqanizmdə qəbul etdiyi qidaların parçalanmasına və qan dövranının normal olmasına kömək edir. Yaxşı olar ki, səhər yeməyində daha çox faydalı qidalardan istifadə etsinlər.
Əsasən qaynadılmış yumurta qəbul etmək tövsiyə olunur. Həmçinin, çərəzlərdən badam, fındıq və fıstıq daha faydalıdır. Bununla yanaşı, az duzlu pendir də qəbul etmək olar. Səhər açıq çay içmək də orqanizm üçün faydalı ola bilər".
Mütəxəssis təzyiq problemi ilə üzləşməmək üçün məsləhətlər də verib:
"Yaxşı olar ki, gün ərzində fiziki cəhətdən aktiv olmağı və açıq havada yürüş etməyi vərdiş halına gətirsinlər. Eyni zamanda, mövsümi meyvə-tərəvəzlər qəbul etmək lazımdır. Xüsusilə, duzlu qidalar və turşulardan uzaq durmaq tövsiyə olunur. Un məmulatlarından isə həddindən artıq istifadə etmək olmaz. Şəkərli qidalardan da uzaq durmaq lazımdır. Çünki un məmulatları və şəkərli qidalar birdən-birə təzyiqin yüksəlməsinə səbəb olur. Bu da bəzən ani ölümlərə qədər gətirib çıxara bilər.
Bundan başqa, yüksək təzyiqi olan insanların çox kofe qəbul etməməsi tövsiyə olunur. Çünki kofenin tərkibindəki kofein təzyiqin daha da sürətli şəkildə artmasına səbəb olur. Bu da orqanizm üçün zərərli hesab olunur. Həmçinin, qızardılmış kartof və paketlənmiş çipsilərdən də birmənalı şəkildə uzaq durmaq lazımdır. Ümumiyyətlə, həftədə 1-2 dəfə kartofu soyutma şəklində yemək daha faydalıdır. Bu zaman kartof təzyiqə səbəb olmur".
Ekspert diqqətə çatdırıb ki, yağlı ətlərdən istifadə olunması da məsləhət deyil:
"Yaxşı olardı ki, daha çox balıq və quş ətlərindən istifadə etsinlər. Həftədə iki dəfə qırmızı ətin yağsız şəkildə və qızartmadan qəbul edilməsi təzyiqi normada saxlağa kömək edir.
Bundan əlavə, şirin meyvələri axşam saatlarında yemək tövsiyə olunmur. Səhər saatlarında isə bir ədəd şirin meyvə qəbul edilə bilər. Onların içərisində banan daha faydalı hesab olunur. Çünki bananın tərkibindəki natriumun az və kaliumun çox olması yüksək təzyiqin qarşısını almaq baxımından, eləcə də ürək-damar sistemi üçün faydalı hesab olunur. Həmçinin, mövsümi yemiş, alma, şaftalı və sitrus meyvələri də yüksək təzyiqi olanlar üçün faydalıdır".
Pərviz