II Dünya Müharibəsi zamanı 28 yaşlı yaponiyalı qadın Kadzuko 32 əsgərlə Anataxan adlı tropik bir adada əsir qalmalı olmuşdu. Adanın yeganə qadın sakini olaraq o, əsgərlər arasında intriqaların və qan tökülməsinin səbəbkarına çevrilmişdi.
HİT.az lent.az-a istinadən bu adada “Arı kraliça” ləqəbi almış qadının və 32 kişinin hekayəsini təqdim edir.
Real həyatda baş vermiş bu hadisə bir sıra film və kitabların yaranmasına səbəb olub. Bu əsərlərdən bəzilərində Kadzuko qurban kimi təqdim edilsə də, bəzilərində onu öz həyatı uğrunda mübarizə aparan ağıllı qadın kimi təsvir edirdilər.
Kiçik vulkanik ada olan Anataxan adası Sakit Okeanda yerləşən Marian adalar qrupuna daxildir və sahəsi cəmi 33 kvadrat kilometr təşkil edir. XX əsrin əvvəllərində bu ada Yaponiyaya məxsus idi. Adada kokos plantasiyaları yetişdirilirdi. Müharibə başlamasına az qalmış Kutiro Xiqu adlı məmur öz qohumu Seyçi Hiqu və onun arvadı Kadzuko ilə birlikdə bu adada işçilərə nəzarət edirdilər.
Müharibə başlayan kimi Seyçi Hiqu arvadını adada qoyub Anataxanı tərk etdi. Qayıdacağına söz versə də, geri dönmədi. Kadzuko Kikitiro ilə 2 il adada tək qaldı. Bu müddət ərzində onlar arasında romantik münasibətlər yarandı və onlar özlərini ər-arvad hesab edirdilər.
1944-cü ildə Amerika qırıcıları sahilə yaxın iki yapon gəmisini bombaladıqdan sonra sağ qalmış 32 matros üzərək bu adaya gəldi.
İlk günlər hər şey yaxşı idi. Heç kim ac qalmırdı, hamı kokosla qidalanırdı. Həmin ərəfələrdə adaya vurularaq düşürülmüş bir təyyarəsinin parçalarından özləri üçün lazım olan məişət əşyalarını da hazırlaya bilmişdilər. Ada sakinləri ortaq yaşamağı öyrənmişdi. İlk konfliktlər 1946-cı ildə başladı.
Adanın 34 sakini ( Kudzuko ilə sevgilisi və 32 əsgər) hesab edirdilər ki, müharibə uzun müddət davam edəcək. Ona görə onlar Anataxan adasını tərk etmək istəmirdilər. Hər şey yaxşı idi, ölüm təhlükəsi qalmamışdı. Lakin işin pis tərəfi 33 kişiyə yalnız bir qadının olması idi. Matroslardan biri gənc Kadzukoya aşiq olunca onun ərini güllələyib öldürdü. Lakin Kadzukonun bu zaman ərindən başqa ikinci bir məşuqu da vardı, matros Mario Tibo. Beləliklə, kişilər arasında Kadzuko uğrunda dava başladı.
Kiçik ada cəhənnəmə çevrildi. Çox zaman qadın kişilərin ondan ötrü qan tökməsini ləzzətlə izləyirdi. Axı o, gözəl deyildi, amma adada qiymətli bir varlığa çevrilmişdi. Adada əsgərlər onun adını "Arı kraliça" qoymuşdular. Hər əmrinə müntəzir idilər. Kadzuko ilə mehriban ünsiyyət üçün nəyə desən razı idilər.
Matrosların kapitanı adada asayişi bərpa eləmək üçün Kadzukonu ən qəddar və sərt kişi olan Yanaqibasi ilə evləndirdi. Lakin bir neçə gün keçmədən yeni ər müəmmalı şəkildə suda boğulub öldü. Bundan sonra qadın dəfələrlə martroslarla evlənmək istəsə də, hər dəfə ərləri müəmmalı şəkildə ölürdülər. Bu hesabla Kadzukonun 11 əri öldü. Beləcə o, hamının malı oldu. O isə müxtəlif intriqalar , qısqanclıqlar yaratmadan dayanmırdı.
1950-ci ildə adada sağ qalan kişilər belə qərara gəldilər ki, onlar arasında bütün problemlərin yaranmasının tək səbəbkarı Kadzukodur, onu öldürmək lazımdır. Kadzuko öldürüləcəyini bilib qaçmağa qərar verdi. Qadın sirli şəkildə adadan yoxa çıxdı. Bəzilərinin fikirincə, o, amerikalı qayıqçılara siqnal ötürərək qaçmışdı. Başqa bir versiyaya görə, onu adadakı matroslardan biri qaçırmışdı. Yaponiyaya qayıtdıqdan sonra Kadzuko öz Anataxan hekayələrini danşa-danışa məşhurlaşdı. O, nəhayət Okinavaya birinci əri Seyçi Xiqunun yanına qayıdıb onunla evləndi. 1970-ci ildən sonra şöhrəti sönmüş Kadzukodan xəbər olmadı.
Kadzuko qaçandan sonra dənizçilər daha bir il adada yaşadılar. Amerikan hərbçiləri adaya müharibənin bitdiyini elan edən vərəqlər buraxsalar da, onlar inanmır və adanı tərk etmirdilər. 1 il sonra əsgərlər ağ bayraq qaldıraraq təslim oldular və sivil həyata döndülər.
Vulkanik ada olduğuna görə, Anataxan adası hazırda boş və kimsəsizdir. Bu adaya hərdənbir gələn turistlər isə “32 Robinzon və bir Cümə” hekayəsini heyrət və maraqla dinləyirlər.