Pişiklər çox maraqlı və sevimli heyvanlardır.
Demək olar ki, hər kəs pişikləri sevir. Bu sevimli canlıların bəzi özünəməxsus xüsusiyyətləri də var. Bəlkə də onlardan ən maraqlısı hər zaman 4 ayaq üzərinə düşmələridir.
Bəs necə olur ki, pişiklər hər dəfə 4 ayaq üzərinə düşə bilirlər?
HİT.az sizlər üçün bu sualın cavabını axtarıb.
Bu, əslində pişiklərin istedadı deyil, refleksi hesab olunur. Belə ki, sözügedən refleks pişiklərdə dünyaya gəldikdən 3-4 həftə sonra yaranır. Həmin müddətə qədər isə onlarda 4 ayaq üzərinə düşmə refleksi olmur. Hətta bəzən bu, 7 həftəyə qədər davam edə bilir. Araşdırmalar zamanı məlum olub ki, pişiklər yıxılarkən tamamilə şüursuz şəkildə 4 ayaq üzərinə düşürlər.
Bənzər reflekslər insanlarda da var. Məsələn, əlinizi sürətli şəkildə gözünüzə doğru aparsanız, göz qapaqlarınız dərhal bağlanacaq. Yəni bunlar arasında hər hansısa fərq yoxdur. İnsanlardakı bu refleks də doğulandan bir neçə həftə sonra yaranır. Bizdə də eynən pişiklər kimi tamamilə şüursuz şəkildə etdiyimiz reflekslər mövcuddur.
Hər hansısa pişik minimum 1 metrdən yıxıldığı təqdirdə 4 ayağı üzərinə düşür. Lakin məsafə 1 metrdən az olduqda isə bunu etməyə fürsət tapa bilmirlər. Hətta bir dəfə 46-cı mərtəbədən, yəni 150 metr hündürlükdən düşən pişik sözügedən refleks sayəsində sağ qalmağı bacarıb. Əlbəttə ki, burada reflekslə yanaşı həmin pişiyin yumşaq yerə düşdüyünü də nəzərə almaq lazımdır. Onun bəzi sümükləri qırılsa da, baytar tərəfindən müalicə olunaraq, sağalmışdı.
1987-ci ildə yayımlanan bir araşdırmaya əsasən isə 20 metrə qədər hündürlükdən düşən pişiklərin 90 faizi həyatda qalmağa nail olur. Bu, elmi cəhətdən də izah olunub. Deməli, pişiklərin körpücük sümüyü olmadığı üçün bu refleksi yerinə yetirərkən çevik onurğalarından istifadə edirlər.
Yəni pişiklər yıxılarkən ön pəncələrini bədənlərinə yaxınlaşdıraraq sürətlərini azaldırlar, buna görə də bədənləri öz oxu ətrafında fırlanmağa başlayır. Bu vaxt arxa ayaqları ilə əks effekt yaradırlar və ayaqlarını uzadırlar. Nəticədə, bədənləri geniş bucaq altında fırlanarkən, ayaqlar əks istiqamətdə daha az fırlanır və 4 ayaq üzərinə düşürlər. Burada pişiklərin onurğa sütunlarının elastik olması da mühüm rol oynayır.
Pərviz