Orqanizmin xəstəliklərlə mübarizə aparması üçün immun sisteminin güclü olması vacibdir. Son günlər yayılan viruslar immuniteti gücləndirməyin nə qədər vacib olduğunu bir daha gündəmə gətirir.
Həkim teravevt Leyla Məmmədova Hit.az-a açıqlamasında bildirib ki, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir.
Onun sözlərinə görə, qışda daha çox ehtiyac duyduğunuz vitamin dozasını artırmaq üçün yumurta, balıq, göbələk, süd və süd məhsullarını qəbul etmək tövsiyə olunur:
“İmmunitet sistemi üçün həyati əhəmiyyət daşıyan D vitamini günəş şüası sayəsində əmələ gəlir. Qışda günəş şüası çatışmazlığı şəraitində tərkibi D vitamini ilə zəngin olan qidaların qəbulu xüsusi əhəmiyyət kəsb edir.
İlin ən soyuq və tutqun vaxtlarında D vitamininin kifayət etməsi mövsümi depressiyanın qarşısını alır, narahatlığı azaldır.
Bundan əlavə, sümük və dişlərin sağlamlığı üçün zəruri olan kalsium və fosforun mənimsənilməsinə müsbət təsir göstərir”.
Həkimin sözlərinə görə, tərkibi C vitamini ilə zəngin olan sitrus meyvələrinə üstünlük vermək tövsiyə olunur:
“Bibər, ispanaq, limon və naringi C vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir.
Həmçinin Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Soyuq havalarda soğan, sarımsaqdan çox yararlanmaq gərəkdir. Məhz bunlar orqanizmi viruslara qarşı qoruyan əsas vasitələrdəndir”.
Sevinc