Nə üçün daha çox türk seriallarını izləyirik?

MARAQLI
17:10 / 13.12.2023
795

Türkiyə dünyanın əsas serial istehsal edən ölkələrindən biridir.

Hətta statistikalara əsasən, dünyada ABŞ-dən sonra xarici ölkələrə ən çox serial satma ünvanı da məhz Türkiyədədir. Qardaş ölkədə hər mövsüm 50-dən çox yeni serial çəkilir.  Təbii ki, türk seriallarının ən çox izlənildiyi ikinci ölkə Azərbaycandır.

Bunun da bir çox səbəbi var. Birincisi, ölkəmizdəki seriallar istənilən səviyyədə olmadığı üçün vətəndaşlar xarici layihələrə üz tuturlar. Bu zaman isə dilimizə ən yaxın dil olan və tərcümə ehtiyacına lüzum olmayan türk serialları ön plana çıxır. İkincisi, Türkiyə ilə çox sıx əlaqələrimizin mövcudluğu və ora marağımızın da kifayət qədər böyük olması buna təsir edir. Üçüncüsü isə türkiyəli aktyorların və aktrisaların ən çox sevildiyi ikinci ölkə məhz Azərbaycandır. Bunun kimi faktorlar səbəbindən Türkiyədə yayım həyatına başlayan istənilən serialı Azərbaycanın "YouTube" trenlerində görə bilərsiniz.

Nəzərə alaq ki, indiki zamanda televizordan serial izləyənlərin sayı kəskin azalıb. Xüsusilə gənclərin ekran qarşısında 3-4 saat serial izləməyə hövsələləri çatmır. Ona görə də həmin serialları daha çox "YouTube"da izləyirlər. Ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkənin də "YouTube" olması bir az da bununla bağlıdır. 

Çünki türk seriallarının bir bölümü 2,5-3 saat olur. Telekanalda isə hər saat başı 15 dəqiqə reklam fasiləsi verildiyi üçün 4 saat, bəzən də daha çox vaxt gedir. "YouTube"da isə belə bir problem yoxdur. Çünki demək olar ki, heç kim bölümü irəli çevirmədən baxmır. Əslində bu da təbiidir. Ona görə ki, ssenaristlər həftəyə 2,5 saatlıq bölüm yaza bilmək üçün araya sujet xətti ilə əlaqəsi olmayan boş səhnələr, lazımsız dialoqlar və ya mahnı fonlu səhnələr yazırlar. Hansı ki, həmin səhnələr çox vaxt izlənilmir.

Lakin Azərbaycan vətəndaşları türk seriallarının sadəcə telekallar və ya "YouTube"dan izləmir. Ölkəmizdə "Netflix", "Exxen" kimi platformalardan da türk seriallarını izləyənlərin sayı getdikdə artmaqdadır. Üstəlik, sözügedən platformalarda çəkilən serialların bölümlərinin davametmə müddəti 30-45 dəqiqə olur. Bu da onlara olan təlabatı artırır.

Yekun olaraq, Azərbaycanda keyfiyyətli serialların çəkilməməsinin izləyiciləri fərqli alternativlər axtarmağa vadar etdiyini deyə bilərik. Bu zaman isə onların əksəriyyəti çox da uzağa getməyərək qardaş Türkiyə seriallarını izləməyə üstünlük verirlər...

Pərviz

0