Soyuq havada bu addımı atmaq xəstəliklərin yayılmasına səbəb olur?

MARAQLI
21:17 / 15.01.2024
609

Hazırda qış aylarını yaşadığımız üçün havalar soyuq keçir.

Düzdür, əvvəlki qışlara nisbətən havaların daha mülayim keçdiyini müşahidə edirik. Amma buna baxmayaraq, havanın temperaturu aşağı enib və şaxta var. Belə olan halda isə insanların qalın geyinməsi təbii bir haldır. Yəni qalın polverli, kurtkalı, paltolu, habelə şərf və əlcək taxan insanlara hər yerdə rast gəlirik. Burada qeyri-adi heç nə yoxdur.

Lakin qeyri-adi olan başqa məsələdir. Havanın bu qədər soyuq olmasına rəğmən, yay geyimlərində küçədə gəzən insanları görürük. Nə qədər qəribə olsa da, bu soyuq havaya rəğmən qalın paltarlar geyinməyən insanlar var. Onlar niyəsə qısaqol, göbəyiaçıq geyimlərə və yaxud da şortik geyinməyə üstünlük verirlər. 

Burada müxtəlif məqsədlər ön plana çıxır. Kimlərsə bununla bədənlərinə vurdurduqları tatuları insanlara göstərmək niyyətində olurlar. Bəziləri isə soyuq havada nazik paltarlar geyinməklə fərqlənmək və öz aləmlərində "cəsarət"lərini nümayiş etdirmək istəyirlər.

Sözsüz ki, bu tip insanlar kənardan qəribə görünürlər. Lakin bu qəribəlik yaxşı mənada deyil. Yəni o insanlar fərq edilməyi bacarırlar, amma heç kim onların zənn etdiklərini düşünmür. Üstəlik, bu addımları onların sağlamlığına birbaşa təsir edir. 

Yəni bir müddət sonra immunitetləri aşağı düşür və nazik geyimlərdən istifadə etdikləri üçün xəstələnirlər. Onların xəstələnməyi isə sadəcə özlərinə ziyan vermir. Həm yaxınlarını, həm də ətraflarında olan şəxsləri xəstələndirirlər. Hazırda bəzi virusların da yayıldığını düşünsək, vəziyyətin heç də ürəkaçan olmadığını görərik. 

Çünki bu şəxslər virusa daha tez yoluxduqları üçün, xəstəliyin də yayılmasına səbəb olurlar. Beləliklə, hansısa şəxslərin özünü göstərmək sevdası cəmiyyətdə virusların və xəstəliklərin yayılmasına gətirib çıxarır. 

Yaxşı olardı ki, insanlar mövsümlərə uyğun geyimlərdən istifadə etsinlər. Belə olsa, xəstəliklərin və virusların yayılması minimuma enər. Çünki kollektiv immunitetin və sağlamlığın olması çox önəmlidir. Unutmayın ki, koronavirus kimi bəlaya da məhz kollektiv immunitetin formalaşması ilə qalib gəldik. Ona görə də özümüzü xəstəliklərdən qorumalıyıq. Buna diqqət etməklə ailənizi, ətrafınızı və cəmiyyəti də qorumuş olarsınız...

Pərviz

1